Bank Of Baku

Baş müstəntiq: “Mingəçevirin axundu oktyabrın 16-dək könüllü polisə gəlməsə, məcburi gətiriləcək”

Baş müstəntiq: “Mingəçevirin axundu oktyabrın 16-dək könüllü polisə gəlməsə, məcburi gətiriləcək”
# 11 oktyabr 2008 12:19 (UTC +04:00)
Mingəçevir. Şahnəzər Bəşirov-APA. Qafqaz Müsəlmanları İdarəsinin Şirvan bölgəsi üzrə Qazisi, Mingəçevir şəhərinin Axundu Hacı Xanəli Babayev suvaqçı işləyən Mingəçevir sakini Süleymanov Ramiz Məhəmməd oğlunu döyərək xəsarət yetirməsi ilə bağlı işin təhqiqatı başa çatıb. Hazırda faktla bağlı istintaq araşdırması aparılır. Bu barədə APA-nın yerli bürosuna Mingəçevir şəhər Polis Şöbəsinin baş müstəntiqi Mehman Şükürov məlumat verib.

Müstəntiq deyib ki, artıq faktla bağlı zərərçəkəndən və şahidlərdən ifadələr alınıb: “Xanəli Babayev isə istintaqdan yayınır. Ona üç dəfə istintaqa çağırılması ilə bağlı bildiriş göndərilib. Hətta bu bildirişlərdən birini özü qəbul edib və imzalayıb. Lakin o, istintaqa gəlməyib. Əgər oktyabrın 16-dək Xanəli Babayev istintaqa gəlməsə, o qanunvericilikdə nəzərdə tutulmuş formada məcburi qaydada istintaqa cəlb olunacaq”.

Müstəntiq onu da deyib ki, axundun istintaqdan yayınması ilə bağlı Mingəçevir şəhər Prokurorluğu da məlumatlandırılıb.

M. Şükürov onu da deyib ki, zərərçəkən R. Süleymanov hazırda Bakıda xəstəxanaların birində müalicə olunur.

Qeyd edək ki, Mingəçevir şəhəri, Təbriz küçəsi, 5 ünvanda yaşayan R. Süleymanov Aşıq Ələsgər küçəsi, 9 ünvanda yaşayan bibisinin evinin fasad hissəsində suvaq işləri apararkən qonşuluqda yaşayan Hacı Xanəli Babayevin ailə üzvləri tərəfindən təhqirlərə məruz qalıb.

R. Süleymanov bu zaman evə gələn Hacı Xanəliyə müraciət edərək, ailə üzvlərindən ona şikayət etmək istəyib. Məlumata görə, şəhərin Axundu R. Süleymanovu dinləmədən onun üzünə yumruqla zərbələri endirib. Eyni zamanda Xanəli Babayevin sürücüsü və yaxın qohumu olduğu bildirilən Saleh Rafiq oğlu Babayev də R. Süleymanovun başına yumruq zərbələri vurub. Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilən R. Süleymanova çənə sınığı diaqnozu qoyulub. Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR