Bank Of Baku

Gürcüstandan Azərbaycana “KamAZ”-la külli miqdarda silah-sursat keçirən üç nəfər həbs olunub

Gürcüstandan Azərbaycana “KamAZ”-la külli miqdarda silah-sursat keçirən üç nəfər həbs olunub
# 17 oktyabr 2008 09:44 (UTC +04:00)
Gəncə şəhər Polis İdarəsinin (Pİ) rəisi Rasim Musayevin APA-ya verdiyi məlumata görə, faktla əlaqədar artıq üç nəfər saxlanılıb. Dövlət Yol Polisinin Bakı-Qazax yolunun 343-cü kilometrliyində yerləşən 723 saylı Zazalı stasionar postunun əməkdaşları Bakı istiqamətinə hərəkət edən, İntiqam Fərman oğlu Vəliyevin idarə etdiyi “KamAZ” markalı, 35 BE 715 dövlət nömrə nişanlı yük avtomaşınına baxış keçirən zaman “KamAZ”-ın saxlanc yerindən Rusiya, Türkiyə və ABŞ istehsalı olan 157 ədəd ov silahı, 26 qutu müxtəlif çaplı patron, 10 qutu piston və 3 qutu ov tüfənginin ehtiyat hissələri aşkar edilərək götürülüb.

Araşdırmalar nəticəsində məlum olub ki, aşkarlanan silah-sursat Azərbaycana Gürcüstan vasitəsi ilə Türkiyədən gətirilib. Silahı Azərbaycana gətirən şəxslər gömrük əməkdaşlarını aldadaraq, maşının yük yerində avtomobil ehtiyat hissələrinin olduğunu bildirib, silahları qanunsuz olaraq ölkə ərazisinə keçirməyə müvəffəq olublar. Polis rəisinin bildirdiyinə görə, keçirilən əməliyyat tədbirləri nəticəsində silah-sursatı Azərbaycana gətirən 3 nəfər - Sumqayıt sakinləri Siyavuş Eyvazov, Qüdrət Cəfərov və Ağstafa rayon sakini İlham Quliyev saxlanılıblar. Onların barəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) və 228.4-cü (qanunsuz olaraq odlu silah, onun ehtiyat hissələrini, partlayıcı maddələri əldə etmə, saxlama, daşıma) maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Gəncə Şəhər Prokurorluğundan isə APA-ya bildirilib ki, “KamAZ”-ın yük yerində yuxarıda sadalananlardan əlavə 300 ədəd qandal da olub. Məlumatda o bildirilir ki, ilkin ehtimallara görə, silah-sursatlar Azərbaycan satış məqsədilə gətirilib. Gəncə şəhər Pİ-də başlanmış cinayət işi artıq Gəncə şəhər Prokurorluğuna verilib.

Qeyd edək ki, Zazalı postunda “KamAZ” markalı avtomaşında silah-sursatın aşkarlanması barədə “Azadlıq” qəzeti bugünkü sayında məlumat yayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR