Bank Of Baku

DİN və Baş Prokurorluq Azərbaycana külli miqdarda silah-sursat keçirilməsinin qarşısının alınması ilə bağlı məlumat yayıb

DİN və Baş Prokurorluq Azərbaycana külli miqdarda silah-sursat keçirilməsinin qarşısının alınması ilə bağlı məlumat yayıb
# 17 oktyabr 2008 14:59 (UTC +04:00)
DİN-in mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilir ki, 2008-ci il oktyabrın 13-ü, saat 13.00 radələrində Qazax-Bakı avtomagistral yolunun 343-cü km-də yerləşən Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin 723 saylı Yol Patrul Xidməti postunda yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi sahəsində vəzifələrini yerinə yetirən polis əməkdaşları tərəfindən özünü şübhəli aparan Vəliyev İntiqam Fərman oğlunun idarə etdiyi “KamAZ” markalı, 35 BE 715 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi saxlanılıb. Avtomaşına baxış keçirilərkən onun yük hissəsindən Rusiya, Türkiyə və ABŞ istehsalı olan 157 ədəd yivsiz ov və pnevmatik silahlar, 26 qutu müxtəlif çaplı patronlar, 10 qutu patron gilizləri, 3 qutu ov tüfənginin ehtiyat hissələri və 300 ədəd qandal aşkar edilib.

Torlanmış material üzrə Gəncə şəhər Polis İdarəsinin istintaq şöbəsində ilkin araşdırma aparılaraq həmin gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1 və 228.4-cü maddələri ilə cinayət işi başlanıb. Cinayətin törədilməsində vəzifəli şəxslərin, eləcə də xarici ölkə vətəndaşlarının iştirak etməsi ehtimalı və aktuallığı nəzərə alınaraq cinayət işi istintaqın davam etdirilməsi üçün Gəncə şəhər Prokurorluğuna həvalə edilib.

İstintaqla müəyyən olunub ki, Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən, İstanbul-Bakı arasında sərnişin və yük daşıması ilə məşğul olan “Öz Nuhoğlu” şirkətinin Bakı nümayəndəliyinin işçisi Səyavuş Eyvazov Sumqayıt şəhərində ov silahlarının, onların komrlekt hissələrinin və döyüş sursatlarının satışı ilə məşğul olan “Franki” firmasının rəhbəri Qürbət Nəcəfov, əvvəllər “Qırmızı körrü” sərhəd-keçid məntəqəsində “Broker” təşkilatında işləmiş Ağstafa rayon sakini İlham Rəhimov və Türkiyə vətəndaşı Hacı Şərəf adlı şəxslə cinayət əlaqəsinə girərək, yivsiz ov və pnevmatik silahların, patronların, ov tüfənginin ehtiyat hissələrinin və qandalların qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilməsi barədə razılığa gəlib.

Bu məqsədlə Hacı Şərəf Türkiyədə hələlik istintaqa məlum olmayan mənbədən əldə etdiyi yuxarıda qeyd olunan silah-sursatı Sumqayıt şəhər sakini Qürbət Nəcəfova satış məqsədilə çatdırılması üçün Türkiyə-Gürcüstan sərhədindən qanunsuz keçirməklə, Səyavuş Eyvazova təhvil verib. Səyavuş Eyvazov həmin silah-sursatı adları hələlik istintaqa məlum olmayan Gürcüstan vətəndaşlarının “QAZel” markalı avtomaşınına yükləyərək Gürcüstan-Azərbaycan sərhədinə gətirib və malların qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsi üçün tanışı İlham Rəhimova müraciət edib. İlham Rəhimov 2008-ci il oktyabrın 13-də həmin silah-sursatı “Sınıq körpü” gömrük postundan gömrük nəzarətindən kənar keçirərək Qazax rayonunun Şıxlı kəndi ərazisində İntiqam Vəliyevə məxsus “KamAZ” markalı avtomaşına yükləyib və Sumqayıt şəhərinə apararkən polis əməkdaşları tərəfindən saxlanılıb.

İstintaqla müəyyən edilib ki, dəstə üzvləri əvvəllər də bir-neçə dəfə ov silahlarını, onun ehtiyat hissələrini və patronlarını qaçaqmalçılıq yolu ilə Azərbaycana gətiriblər. Törətdiyi cinayət əməllərinə görə, Səyavuş Eyvazov, Qürbət Nəcəfov və İlham Rəhimov qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmə tərəfindən həbs qəti imkan tədbiri seçilib.

Hazırda həmin cinayətin törədilməsində iştirakı olan digər şəxslərin məsuliyyətə cəlb edilməsi və dəstə üzvləri tərəfindən törədilmiş başqa cinayətlərin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR