Bank Of Baku

MTN Hacı Məmmədovun dəstəsinin törətdiyi daha bir cinayətin üstünü açıb

MTN Hacı Məmmədovun dəstəsinin törətdiyi daha bir cinayətin üstünü açıb
# 27 oktyabr 2008 12:32 (UTC +04:00)
MTN-in ictimaiyyətlə əlaqə mərkəzindən APA-ya daxil olan məlumata görə, dəstənin başçısı Hacı Məmmədov və üzvləri ifşa olunaraq, ədalət mühakiməsinə verilərək, məhkəmənin hökmü ilə həmin şəxslərin bir hissəsi ömürlük, digərləri isə müxtəlif müddətlərə azadlıqdan məhrum etmə cəzasına məhkum olunublar. Lakin bandanın hüquqa zidd əməlləri ilə bağlı ibtidai istintaq dövründə bəzi epizodlar üzrə cinayət işi ayrılaraq istintaqı davam etdirilir. Həmin istintaq hərəkətləri nəticəsində daha bir cinayətin üstü açılıb.

Belə ki, 1993-cü il mayın 10-da Samur-Abşeron kanalının Xızı rayonunun Sitalçay kəndi ərazisindəki su nasosu stansiyasında suyun içərisindən şəxsiyyəti məlum olmayan kişi meyiti tapılıb. Naməlum meyitin 1952-ci ildə Gürcüstanın Bolnisi rayonunun Arıxlı kəndində doğulmuş, Bakı şəhərində yaşayan Piriyev Cavanşir Qurban oğlu olduğu və sonuncunun 1993-cü il aprelin 13-də saat 14.00 radələrində idarə etdiyi «QAZ-2410» markalı avtomaşında evdən çıxıb getdiyi və o vaxtdan itkin düşdüyü müəyyən edilib.

İş üzrə hadisə yerinin və meyitin xarici müayinəsi keçirilib, şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-ballistik, məhkəmə-fiziki-texniki ekspertizalar təyin olunub rəylər alınıb, digər istintaq-əməliyyat tədbirləri yerinə yetirilib. Ekspertiza rəylərinə əsasən, Cavanşir Piriyevin «AK-74» markalı avtomat silahdan açılan atəşlə öldürüldüyü müəyyən edilib. Eyni zamanda, məlum olub ki, C. Piriyev itkin düşəndən sonra evinə naməlum şəxslər tərəfindən telefon zəngləri edilərək, onun qaytarılması üçün qohumlarından hədə-qorxu ilə külli miqdarda pul tələb olunub, lakin yaxınları tələb edilən pulu verməkdən imtina ediblər. Bununla belə, zəruri istintaq-əməliyyat tədbirlərinin yerinə yetirilməsinə baxmayaraq, Cavanşir Piriyevi qətlə yetirən şəxsləri və avtomaşının yerini müəyyən etmək mümkün olmayıb. Bu səbəbdən, yəni Cavanşir Piriyevi öldürən şəxslər müəyyən edilmədiyinə görə, 1994-cü il mayın 30-da cinayət işinin istintaqı dayandırılıb.

Hacı Məmmədovun qəsdən adam öldürmə, adam oğurluğu, hədə-qorxu ilə tələb etmə, banditizm, cinayətkar birlik yaratma, qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə etmə, saxlama, eləcə də digər ağır və xüsusilə ağır cinayətlər törətməkdə təqsirli bilinərək məhkum olunması, habelə həmin cinayətləri törətmə üslubu Cavanşir Piriyevin öldürülməsində onun iştirak etməsini ehtimal etməyə əsas verib.

Sadalanan hallarla əlaqədar Cavanşir Piriyevin naməlum şəxslər tərəfindən öldürülməsi ilə bağlı cinayət işi üzrə icraat yenilənib və Xızı şəhər prokurorluğunun icraatından götürülüb istintaqın davam etdirilməsi üçün Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinə göndərilib.

İstintaq müəyyənləşdirib ki, C. Piriyevi bir sıra ağır və xüsusilə ağır cinayətlər törətdiyinə görə, 1995-ci ildən axtarışda olan, Abşeron rayon Polis Şöbəsinin sabiq rəisi Məmmədəli Əliyev qətlə yetirib.

Şahid qismində Hacı Məmmədov istintaqa verdiyi ifadəsinə bildirib ki, o, Abşeron rayon polis şöbəsində rəis müavini işlədiyi dövrdə həmin şöbənin rəisi Məmmədəli Əliyevlə aralarında etibar və yaxşı münasibətlər yaranıb. 1993-cü ildə Məmmədəli Əliyev onu, Gürcüstanda anadan olmuş və Bakı şəhərində yaşayan, kommersiya fəaliyyəti ilə məşğul olan Cavanşir adlı dostu ilə də tanış edib. Cavanşir Piriyevlə işbirliyi olan Məmmədəli Əliyev həm də onun oğluna kirvəlik edib. Məmmədəli Əliyev Abşeron rayon polis şöbəsinin rəisi kimi öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, kommersiya fəaliyyəti ilə məşğul olan Cavanşir Piriyevə hamilik edib, biznesmen isə bunun müqabilində müntəzəm olaraq Məmmədəli Əliyevə “haqq” verib.

Məmmədəli Əliyev polis orqanlarından təqaüdə buraxıldıqdan sonra, Cavanşir Piriyevə hamilik imkanı olmadığına görə, sonuncu ona “haqq” verməkdən imtina edib. Cavanşir Piriyevin verdiyi gəlirdən məhrum olan Məmmədəli Əliyev onu tamah məqsədilə 1993-cü il aprelin 13-də «QAZ-2410» markalı avtomobili ilə birlikdə oğurlayıb həyatı və səhhəti üçün təhlükəli üsulla qanunsuz olaraq azadlıqdan məhrum edərək, şəxsiyyəti üzərində zor göstərmək hədə-qorxusu ilə qohumlarından külli miqdarda pul tələb edib. Lakin öz məqsədinə çata bilmədiyinə görə, müvafiq icazə olmadan əldə edib saxladığı avtomat silahdan Cavanşir Piryevi tamah məqsədilə qəsdən öldürmək üçün 4 dəfə atəş açmaqla qətlə yetirib.

Məmmədəli Əliyev Cavanşir Piriyevi öldürdükdən sonra, hadisə vaxtı Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyən Hacı Məmmədova məlumat verib və törətdiyi cinayətin izini itirmək üçün meyitin gizlədilməsi üçün ondan kömək istəyib. Hacı Məmmədov bununla razılaşıb, bundan sonra Məmmədəli Əliyev Cavanşir Piriyevin meyitini xalça tipli materiala bükərək iplə bağlayıb və Hacı Məmmədovla birlikdə idarə etdiyi «VAZ-2106» markalı avtomobilin yük yerində gizlədərək, Siyəzən rayonu ərazisinə apararaq, Samur-Abşeron su kanalına atıb.

Bu yeni hal üzrə ifadə verərkən H. Məmmədov deyib ki, törətdiyi və ya iştirak etdiyi digər cinayətlər barədə də danışacaq.

Cinayət işi ilə bağlı bütün halların araşdırılması, hadisəni törətmiş şəxslərin tam dairəsinin müəyyən edilməsi, hüquqazidd əməllərin aşkarlanması istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR