Bank Of Baku

Kinorejissor Eldar Quliyev: “Müslümün səsi daim yaşayacaq” - EKSKLÜZİV

Kinorejissor Eldar Quliyev: “Müslümün səsi daim yaşayacaq” - <font color=red>EKSKLÜZİV</font>
# 27 oktyabr 2008 13:55 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycanın xalq artisti, kinorejissor Eldar Quliyevin SSRİ xalq artisti Müslüm Maqomayevin vəfatı ilə bağlı APA-ya müsahibəsi

- Müslüm Maqomayevin vəfatı xəbəri Sizə necə təsir etdi?

- Onun vəfatı barədə xəbəri eşidəndə elə bil içimdə nəsə qırıldı. Müslüm mənim üçün bir çoxunun uzaqdan tanıdığı və pərəstiş etdiyi biri deyildi. O mənim ən yaxın dostum idi. Tez-tez danışırdıq, daim əlaqəmiz vardı, həftədə bir dəfə, uzağı on gündən bir söhbətləşirdik. Onunla bir yerdə xarici səfərlərdə olmuşuq. Bakıda Müslüm Maqomayevlə eyni binada yaşamışıq, qonşu idik.

- Sizin bir sıra filminizə Müslüm Maqomayev musiqi yazıb. İş birliyiniz necə alınırdı?

- Müslüm mənim dörd filmimə musiqi yazıb. Bizim münasibətlərimiz beş, on illik xatirə deyil. Bu bir həyat hekayəsidir. Sadəcə, bir şeyi deyim ki, biz belə oğlumuzla fəxr etməliyik. O, həmişə mənə Vətənini, Bakını çox sevdiyini deyirdi. İnanın ki, bu sevgi yalnız sözlərdə deyildi, ürəkdən gəlirdi. Hətta Vladimir Putin ona orden təqdim edəndə də Müslüm Maqomayev nitqini “Mən azərbaycanlıyam” sözləri ilə başlamışdı. Bir sözlə, Müslüm Maqomayev hər bir azərbaycanlı üçün sərvət idi. Müslüm Maqomayev Azərbaycanın adını bütün dünyaya tanıtdı. Dostluq etdiyimiz zamanlarda onun olduqca gözəl ürəyə sahib olduğunu bir daha kəşf etdim. Olduqca ürəyi açıq olan Müslüm pislikdən çox uzaq idi. Bununla bərabər, çox qonaqpərvəriydi. Evinin qapısını döyən hər kəsi gülərüzlə qarşılayardı. Hətta kimliyindən asılı olmayaraq, bu münasibətini dəyişmirdi. İmkanı qədər ona müraciət edənlərə əl tutardı. Müslüm Maqomayev canlı əfsanə idi və əfsanə olaraq da qalacaq... O bizim fəxrimiz idi... Mən onun insanlığı qarşısında baş əyirəm.

- Müslüm Maqomayevin Azərbaycan mədəniyyətində yerini necə qiymətləndirirsiniz?

- Bilirsiniz, əslində hamının öz yeri var. Bülbül, Rəşid Behbudov, Müslüm Maqomayevin hərəsinin öz yeri var. Onların heç birini əvəz etmək mümkün deyil. Müslüm kimi insan və sənətkar da bir daha dünyaya gəlməyəcək. Necə ki, Bülbülün, Rəşidin yerini heç kim tuta bilmir, Müslümün də yerini heç kim tuta bilməyəcək. Əsirlər keçəcək, ancaq onun səsi daim yaşayacaq.

- Rejissoru olduğunuz “Nizami” filmində baş rola niyə məhz Müslüm Maqomayevi çəkdiniz?

- O obraz üçün mənə mənəviyyatı təmiz və dolğun bir insan lazım idi. Müslüm məhz belə bir insan idi. Ona görə də mən onu bu filmə dəvət etdim. Onunla işləmək mənə xüsusi zövq verirdi. Həqiqətən də hər bir işində peşəkarlıq nümayiş etdirən Müslüm bu filmdə də unudulmaz obraz yaratdı. Əslində mən xoşbəxt insanam, çünki mənə Müslüm kimi canlı əfsanə ilə dostluq nəsib olub.

- Müslüm Maqomayevin Bakıda dəfn olunması xəbərini necə qarşıladınız?

- Başqa cür ola da bilməzdi. O bizimdir, bizim sərvətimizdir. Müslüm Maqomayev Azərbaycandan başqa heç yerdə dəfn edilə bilməzdi. O bu torpaqda dünyaya gəlib, bu torpağa da qayıtmalıdır.

- Müslüm Maqomayevin cənazəsinin Azərbaycana gətirilməsi prosesində iştirak etmək istəməməyinizin səbəbi nədir?

- Yenə də deyirəm ki, onun vəfatı xəbərini eşidəndə çox sarsıldım. Onun cənazəsini gətirən nümayəndə heyətinin tərkibinə daxil olmaq mənim üçün çox ağır olardı. Çünki həm Moskvada keçiriləcək vida mərasimi, həm də Müslümün cənazəsi Bakıya gətiriləndə istər-istəməz onun üzünü görəcəkdim. Mən isə Müslümü sonuncu dəfə necə görmüşdümsə, yaddaşımda elə də qalmasını istəyirəm. Ürəyim Müslümü ölüm yatağında görməyə dözməzdi. O mənim qəhrəmanım idi - mərd, sınmaz... Ömrümün sonuna kimi mən onu belə də xatırlamaq istəyirəm.

- Müslüm Maqomayevin övladı ilə əlaqə saxlayırsınızmı?

- Qızı Marina hazırda Amerikada yaşayır. Atasının vəfatı onu çox sarsıdıb. İnanın ki, danışmağa belə söz belə tapmır. Mən onlarla da mütəmadi əlaqə saxlayıram. İndi Marinanın balaca bir oğlu var. Müslümün nəvəsinə bir neçə ad veriblər. Onların arasında Müslüm adı da var. Düzdür, onun qızı Marina musiqiçi deyil və atasının yolunu davam etdirmir, ancaq balaca Müslümün babasının yolunu davam etdirəcəyinə ümid edirəm. Bəlkə də balaca Müslüm babası kimi öz babasının davamçısı oldu və onun adını yüksəklərə qaldırdı. Onun ikinci həyat yoldaşı ilə də əlaqə saxlayıram. Tamara Sinyavskaya məşhur müğənnidir. Onların arasında böyük sevgi və sonsuz hörmət vardı. Tamara son dəqiqəyə kimi onun yanından ayrılmayıb.

- Müslüm Maqomayevin qızı Azərbaycanda keçiriləcək dəfn mərasimində iştirak edəcəkmi?

- Əlbəttə... Qızı və ailəsi dəfn mərasiminə qatılmaq üçün Azərbaycana gələcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR