Bank Of Baku

Nizami rayonunda partlayış baş vermiş binanın yalnız 13 mənzilinin sakinlərinə kompensasiya verilib

Nizami rayonunda partlayış baş vermiş binanın yalnız 13 mənzilinin sakinlərinə kompensasiya verilib
# 05 yanvar 2009 10:34 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Dövlət tərəfindən ayrılmış kompensasiya artıq bir müddət əvvəl partlayış baş verən binanın sakinlərinə ödənilib. Bu barədə APA-ya Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Ərrəhman Həsənov bildirib. Onun sözlərinə görə, Nazirlər Kabineti partlayış baş vermiş Nizami rayonu, Naxçıvanski küçəsi, 34 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının üç blokunun sökülərək yenidən inşa edilməsi və dəymiş ziyanın müqabilində sakinlərə 122 500 manat məbləğində kompensasiya verilməsi barədə qərar verib. Qərara əsasən, ayrılmış vəsait tamam dağılmış və əşyaları tam yararsız hala düşmüş 13 mənzilin sakinlərinə verilib. Partlayış nəticəsindən evləri qəza vəziyyətinə düşən digər sakinlərin isə mənzilləri yenidən bərpa olunacaq. Həmçinin hadisə zamanı xəsarət alanlara da yardım göstəriləcək. Artıq dövlət tərəfindən ayrılmış kompensasiyanın bank vasitəsi ilə vətəndaşlara ödənildiyini diqqətə çatdıran Ə. Həsənov sakinlərin vəsaitin həcmindən narazı qalacaqları ehtimalına da aydınlıq gətirib: “Sakinlərə ayrılmış vəsait Nazirlər Kabineti tərəfindən mənzil sahibləri ilə razılaşdırılmış formada hesablanıb. Kiminsə bu vəsaitdən narazı qalıb-qalmayacağı barədə heç nə deyə bilmərəm”. Ə. Həsənov, həmçinin sözügedən ərazidə aparılacaq tikinti ilə əlaqədar artıq geologiya işlərinə başlandığını bildirib: “Tikinti işlərinə yaxın vaxtlarda başlanılacaq”.

Qeyd edək ki, dekabrın 13-də baş vermiş partlayış nəticəsində binanın iki bloku dağılıb, 3 nəfər ölüb, 5 nəfər isə ağır yaralanıb. İlkin versiyaya görə, partlayışa təmir işləri aparılan 27-ci mənzildə qaz sızması səbəb olub.

Hadisə ilə əlaqədar Nazirlər Kabineti tərəfindən qərar qəbul edilib. Qərara əsasən, binanın 3 bloku (45 mənzil) tamamilə sökülərək 9 ay müddətinə yenidən inşa ediləcək. Bundan başqa bina sakinlərinə dövlət tərəfindən ümumilikdə 122 500 manat vəsait ayrılıb. Tikinti işləri başa çatanadək isə sakinlər, mənzil haqları dövlət tərəfindən ödənməklə, müvəqqəti olaraq kirayə evlərdə yerləşdirilib.

Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 222.2-ci (tikinti, mədən və s. işləri aparılarkən təhlükəsizlik qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə ya digər ağır nəticələrə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb.

Hadisə ilə əlaqədar bir nəfərin həbs edildiyi bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR