Bank Of Baku

İrakli Ezuqbaya: “Qars-Axalkələk-Tiflis-Bakı dəmir yolu ilə ildə 15 mln. ton yük daşınacaq”

İrakli Ezuqbaya: “Qars-Axalkələk-Tiflis-Bakı dəmir yolu ilə ildə 15 mln. ton yük daşınacaq”
# 13 yanvar 2007 08:59 (UTC +04:00)
Bu barədə APA-nın Gürcüstan bürosuna “Gürcüstan Dəmir Yolu” MMC-nin baş direktoru İrakli Ezuqbaya məlumat verib.
İ.Ezuqbayanın sözlərinə görə, layihənin həyata keçirilməsi üçün yolun Gürcüstan ərazisində yerləşən Marabda-Axalkələk hissəsinin reabilitasiyası tələb olunur: “Hazırda istifadə olunan bu hissədə buraxılış qabiliyyətinin artırılması məqsədilə reabilitasiya işlərinin aparılması tələb edilir. Yeni inşa olunacaq 29 km-lik Axalkələk-Kartsaxi (Türkiyə sərhədi) hissəsi isə beynəlxalq standartlara tam cavab verəcək”. Həmçinin, “Gürcüstan Dəmir Yolu” MMC Axalkələkdə vaqonların hərəkət hissələrinin dəyişdirilməsi üzrə sex inşa etmək niyyətindədir.
Baş direktor əlavə edib ki, yeni dəmir yolu xəttinin inşası bu ilin ikinci rübünün sonu və ya üçüncü rübün əvvəlində, reabilitasiya işləri isə daha tez başlanacaq: “Bu nəqliyyat dəhlizi ilə daşınacaq yüklər sırasında isə həmçinin Qazağıstan və Çindən Avropaya və əks istiqamətdə göndərilən yüklərin də nəql olunacağı gözlənilir”.
Xatırladaq ki, yanvarın 12-13-də Tiflisdə Gürcüstanın iqtisadi inkişaf naziri Georgi Arveladze və Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun iştirakı ilə layihənin reallaşması ilə bağlı danışıqlar aparılır.
G.Arveladzenin jurnalistlərə verdiyi məlumata görə, dəmir yolunun 149 km-lik Gürcüstan hissəsinin bərpası və inşası məqsədilə Azərbaycan hökumətinin Azərbaycan Beynəlxalq Bankı vasitəsilə 25 il müddətinə kredit ayıracağı gözlənilir. İlkin proqnozlara görə 220 mln. ABŞ dolları məbləğində olacaq bu kreditin müddəti sonradan tərəflərin razılığı ilə daha uzadılması mümkündür. Kredit üzrə öhdəliklər isə “Gürcüstan Dəmir Yolu” MMC tərəfindən deyil, sonradan xüsusi olaraq bu layihə ilə bağlı Gürcüstanda yaradılacaq yeni şirkət tərəfindən götürüləcək. Kredit üzrə illik dərəcənin 1% təşkil edəcəyi gözlənilir.
Yolu layihələşdirilməsinə gəldikdə isə, nazir Gürcüstan tərəfinin Türkiyə tərəfinin hazırladığı yolun vahid layihəsindən təmannasız istifadə edəcəyini vurğulayıb. Xatırladaq ki, bundan öncə “Gürcüstan Dəmir Yolu” MMC yolun Gürcüstan hissəsinin layihələşdirilməsi ilə bağlı tender elan edib.
“Bu dəmir yolu xəttinin istifadəyə verilməsi, şimaldan Gürcüstan üçün süni yaradılmış blokada nəzərə alınmaqla, bizim üçün mühüm əhəmiyyət kəsb edir. Nəticədə, Gürcüstan özünün əsas ticarət tərəfdaşlarından biri Türkiyə ilə əlaqələrini daha gücləndirəcək. Perspektivdə isə Qars-Axalkələk-Tiflis-Bakı yoluna hazırda digər marşrutlarla daşınan əlavə yük həcmlərinin cəlb olunacağı gözlənilir”, - deyə nazir vurğulayıb.
Qeyd edək ki, bu gün iki nazirin iştirakı ilə danışıqların yekunlarına dair protokolun imzalanması nəzərdə tutulub. Bu sənəddə layihənin bütün detalları əks olunacaq. Yekun sazişin isə yaxın perspektivdə iki ölkənin nəqliyyat nazirləri və ya hökumət başçıları səviyyəsində imzalanacağı gözlənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR