Bank Of Baku

Gəncə Polis İdarəsi Yol polisi şöbəsinin rəisi İkram Xəlilovun ölümündə təqsirli bilinənlərin məhkəməsi başlayıb

Gəncə Polis İdarəsi Yol polisi şöbəsinin rəisi İkram Xəlilovun ölümündə təqsirli bilinənlərin məhkəməsi başlayıb
# 15 yanvar 2007 14:26 (UTC +04:00)
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim İmaməli Əsgərovun sədrliyi ilə Gəncə şəhər Polis İdarəsinin Yol polisi şöbəsinin rəisi İkram Xəlilovun ölümündə təqsirli bilinən Zabit Kazımov və Pərviz Məmmədov barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başlayıb. APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İttiham aktına əsasən ötən il sentyabrın 21-də gecə 23.30 radələrində İ. Xəlilov yol hərəkəti qaydalarını pozduğuna görə P. Məmmədovun idarə etdiyi “VAZ 21011” markalı avtomobili saxlayıb. Bu zaman Z. Kazımov idmançı olmasından istifadə edərək İ. Kərimovun baş nahiyəsinə öldürmək məqsədi ilə zərbə endirməklə ona xəsarət yetirib. İ. Xəlilov sentyabrın 22-də aldığı xəsarətdən dünyasını dəyişib. Hadisə ilə əlaqədar Z. Kazımova Cinayət Məcəlləsinin 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə) və 221.2-ci (xuliqanlıq) maddələri, P. Məmmədova isə Cinayət Məcəlləsinin 221.2-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb. Prosesdə vəsatətlə çıxış edən P. Məmmədovun vəkili Dadaş Muxtarov cinayət işinin düzgün aparılmadığını və ittiham aktının qərəzli şəkildə hazırlandığını bildirərək məhkəmə istintaqının aparılmasına etirazını bildirib. O, P. Məmmədov barəsində seçilmiş həbs-qətimkan tədbirinin başqa yerə getməmək barədə iltizam tədbiri ilə əvəzlənməsini istəyib. Ancaq məhkəmə heyəti vəsatəti təmin etməyib. Bundan sonra zərərçəkmiş Bəyoğlan Rüstəmov və zərərçəkmiş şəxsin nümayəndəsi Rasim Alıyev məhkəmədə sərbəst ifadə veriblər. Onlar ifadələrində təqsirləndirilən şəxslərin hadisəni bilərəkdən törətdiklərini və onların qanunvericilikdə nəzərdə tutulan ən ağır cəza ilə cəzalandırılmasını xahiş edib. Sonra təqsirləndirilən Z. Kazımov sərbəst ifadə verib və hadisənin təsadüf nəticəsində baş verdiyini bildirib: “Həmin gün Pərvizlə “Qafqaz” restoranında şam yeməyi yeyib geri qayıdırdıq. Əziz Əliyev küçəsində “Hundai” markalı avtomobil bizə saxlamağı işarə etdi. Maşındakı şəxslər bizdən Bakı yolunu soruşdular. Yolu onlara göstərib qabaqdan əks tərəfə döndük. Onlar yenə arxamızca gəldiyindən, maşını saxlayıb səhv gəldiklərini bildirdik. İkram Xəlilov maşından düşüb bizi təhqir etdi və mənə sillə vurdu. Mən də özümdən asılı olmayaraq ona sillə vurdum. İkram sərxoş olduğundan arxası üstə yerə yıxıldı. Əgər vurduğum şəxsin polis olduğunu bilsəydim, ona əl qaldırmazdım”.
Məhkəmə yanvarın 18-də davam etdiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR