Bank Of Baku

Sülh və Demokratiya İnstitutu bir neçə hakimin cəzalandırılması üçün ədliyyə nazirinə müraciət edib

Sülh və Demokratiya İnstitutu bir neçə hakimin cəzalandırılması üçün ədliyyə nazirinə müraciət edib
# 16 yanvar 2007 12:35 (UTC +04:00)
Sülh və Demokratiya İnstitutu (SDİ) Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hakimləri Tofiq Paşayev, Mansur İbayev və Azər Orucovu ilin ən ədalətsiz hakimləri seçib. APA-nın məlumatına görə, bu seçim SDİ tərəfindən keçirilən monitorinqin nəticələri əsasında müəyyənləşdirilib. SDİ rəhbəri Leyla Yunus bu gün keçirdiyi mətbuat konfransında ötən il rəhbəri olduğu təşkilat tərəfindən aparılan monitorinq barədə məlumat verib. O bildirib ki, 2006-cı ildə keçirilən monitorinq nəticəsində istintaq zamanı işgəncələrə göz yuman, siyasi qərarlar qəbul edən hakimlərin, mülki mübahisələrlə bağlı ədalətsiz qərarlar çıxaran məhkəmələrin sədrlərinin, eləcə də ədalətsiz qərar qəbul edən Ali və Apellyasiya məhkəmələrinin hakimləri müəyyənləşdirilib. Onların sırasından ən ədalətsiz qərar qəbul edənlər isə Ağır Cinayətlərə Dair işlər üzrə Məhkəmənin yuxarıda adları çəkilən hakimlərdir. M.İbayev 2003-ci ilin oktyabr, T.Paşayev 2000-ci ilin Şəki hadisələri, A.Orucov isə Mirzə Sakit və “Qarabağ partizanları”nın işi ilə bağlı ədalətsiz qərar çıxarmaqda ittiham olunurlar. SDİ fərqlənən bu üç hakimi simvolik olaraq qara zolaqlı parçadan tikilmiş mantiya ilə “mükafatlandırıb”. L.Yunus Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədova ünvanladığı məktubda həmin hakimlərin cəzalandırılmasını tələb edib.
Hakim T.Paşayev isə APA-ya bu məsələ ilə bağlı münasibət bildirmək istəməyib. O qeyd edib ki, çıxardığı qərarlar ədalətlidir və yuxarı məhkəmə instansiyaları tərəfindən də təsdiq olunub. Digər hakimlərin məsələyə münasibətini öyrənmək mümkün olmayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR