Bank Of Baku

Xalq şairi Nəbi Xəzri I Fəxri Xiyabanda torpağa tapşırılıb

Xalq şairi Nəbi Xəzri I Fəxri Xiyabanda torpağa tapşırılıb
# 16 yanvar 2007 13:58 (UTC +04:00)
APA-nın məlumatına görə, vida mərasimində çıxış edən baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev Azərbaycan mədəniyyəti və ədəbiyyatına böyük itki üz verdiyini bildirib: “Yaşından və xəstəliyindən asılı olmayaraq sənətkarın ölümü hər zaman gözlənilməz olur. Nəbi Xəzri hər bir oxucunun mənəvi, tapıntı yerinə çevrilmiş bir ədəbiyyat xadimi idi. Nəbi Xəzrinin ölümü bu mənada oxucular və yaxınları üçün çox gözlənilməz oldu. O, 50 ildən artıq bir dövrdə yaratdıqları ilə hər bir kəsin mənəvi sirdaşına çevrilməyi bacarıb. Nəbi Xəzri çox uzun, çətin və yaddaqalan yaradıcılıq yolu keçmiş bir insandır. O, tək Azərbaycanda tanınan, sevilən insan olmayıb, onun yaradıcılığının əhatə dairəsi çox geniş olub. Nəbi Xəzrinin fəaliyyəti sənətlə məhdudlaşmır, onun sıravi vətəndaş kimi böyük ictimai fəaliyyəti olub. O, uzun müddət Mədəniyyət Nazirliyində. Azərbaycan Yazıçılar Birliyində çalışıb”. Mədəniyyət nazirinin müavini Ədalət Vəliyev qeyd edib ki, Nəbi Xəzrinin layiq görüldüyü mükafatlar onun yaradıcılığının böyüklüyündən xəbər verir: “Nəbi Xəzri Azərbaycan mədəniyyətinin təbliği istiqamətində 30 ildən artıq çalışıb. Onun ölümü hər birimiz üçün çox böyük itkidir. Düzdür insanı təskin verici bir şey var o da Nəbi Xəzrinin daima yaşayacaq yaradıcılığı, onun şerləridir”. Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar uzun illər Nəbi Xəzri ilə bir yerdə fəaliyyət göstərdiklərini bildirib: “Nəbi Xəzri Azərbaycan ədəbiyyatının böyük təmsilçisidir. Onun yaradıcılığı nəsr və dram əsərlərində öz əksini tapır. Onunla mənim çox isti münasibətlərimiz olub, ancaq aramızda inciklik də olub. O, zamanının nəbzini tutmağı bacaran bir şair idi”. Uzun illər mərhumla dostluq etmiş xalq şairi Qabil çıxışında Nəbi Xəzri ilə 60 il bundan öncə tanış olduqlarını bildirib: “O həmin dövrdə “Söz” şerini yazdı və sözün nə qədər uca bir varlıq olduğunu sübut etdi. Nəbi Xəzri ömrü boyu sözünü qiymətdən, hörmətdən salmadı. Ona görə də bu gün onunla vidalaşmağa bu qədər insan gəlib. Nəbi Xəzri mənim ilk gənclik və ilk ədəbi dostumdur. Ona görə də onun vəfatı mənə çox təsir edir”. Vida mərasimində baş nazir Artur Rəsizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, nəqliyyat naziri Ziya Məmmədov, bəstəkar Xəyyam Mirzəzadə, şair Zəlimxan Yaqub, bəstəkar Arif Məlikov, şair Musa Yaqub, xalq artistləri Hacı İsmayılov, Yaşar Nuri, yazıçı Anar, xalq şairi Qabil və başqaları fəxri qarovulda dayanıblar. Mərhum I Fəxri Xiyabanda torpağa tapşırılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR