Bank Of Baku

BVF: “Son qiymət artımı inflyasiyanı 4-5% sürətləndirə bilər”

BVF: “Son qiymət artımı inflyasiyanı 4-5% sürətləndirə bilər”
# 18 yanvar 2007 10:12 (UTC +04:00)
BVF-nin Bakıdakı nümayəndəliyndən APA-ya verilən məlumata görə, açıqlama Fondun əməkdaşları tərəfindən hazırlanıb. Sənəddə bildirilir ki, enerji daşıyıcıları və kommunal xidmət tariflərinin artımından sonra bir çox istehlak malları qiymətlərinin də kəskin bahalaşması barədə məlumatlar verilir: “Bu mənada, təbiidir ki, enerji daşıyıcılarının qiymətlərinin qalxmasının digər bahalaşma hallarına bilavasitə səbəb olub-olmaması sual doğurur. Bu suala cavab vermək üçün enerji daşıyıcılarının qiymətlərində bir dəfəyə edilən dəyişikliyin birbaşa təsirlərini inflyasiyadan ayırmaq lazımdır”.
BVF əməkdaşlarının hesablamalarına görə, enerji daşıyıcıları və kommunal xidmət tariflərində aparılan son tənzimləmənin istehlak qiymətləri indeksinə birbaşa təsiri qiymətlərin təqribən 4-5% həddində bir dəfəlik atımı ilə məhdudlaşacaq. Bir müddət sonra, enerji daşıyıcılarının bahalaşması digər istehlak qiymətlərinə də təsir edə bilər, lakin BVF əməkdaşlarının hesablamalarına görə, bu təsir birbaşa təsirdən daha az olacaq. Qiymətlərin bu cür bir dəfəlik kombinə edilmiş artımını tələbin genişlənməsi ilə bağlı yaranan təzyiqlərin nəticəsi olan davamlı inflyasiyadan fərqləndirmək lazımdır. Belə təzyiqlər mal və xidmət təklifinin genişlənməsinin artan tələblə ayaqlaşa bilməməsi üzündən baş verir.
Ötən həftə bir çox istehlak mallarının qiymətində məlumat verilən 10-15% yüksəliş (bəzi hallarda bundan xeyli artıq) enerji daşıyıcılarının bahalaşması ilə əsaslandırıla biləcək səviyyədən əhəmiyyətli dərəcədə yüksəkdir. Bu cür qiymət artımı daha çox Azərbaycan hökumətinin 2006-cı ildə həyata keçirdiyi ekspansionist makroiqtisadi və gəlir siyasətlərinin nəticəsidir. Ayrıca olaraq, BVF əməkdaşlarının hesablamalarına görə, 2006-cı ildə hökumətin icmal xərclərinin həcmi təqribən 76% artıb, dövlət sektorunda əhəmiyyətli əmək haqqı artımlarına üstəlik minimum əmək haqqı 2007-ci il yanvarın 1-dən 33% qaldırılıb və manatla pul kütləsində 133% səviyyəsində sıçrayış baş verib. Bütün bu amillər nisbətən kiçik olan qeyri-neft sektorunda tələblə bağlı təzyiqləri əhəmiyyətli dərəcədə gərginləşdirərək inflyasiyanın xeyli yüksəlməsinə səbəb olub. Enerji daşıyıcıları və kommunal xidmət tariflərinin tənzimlənməsi ekspansionist siyasətin davam etdirilməsi sayəsində artıq öz mövqeyini yaxşı möhkəmlətmiş inflyasiya gözləntilərini yalnız intensivləşdirə bilərdi.
Eyni zamanda, enerji daşıyıcıları qiymətlərinin tənzimlənməsi enerji istehlakına ayrılan ünvansız subsidiyaların iqtisadi inkişaf və yoxsulluğun azaldılması ilə bağlı əsas ehtiyaclara yönəldilməsi istiqamətində maliyyə resurslarının yenidən paylaşdırılması kimi mühüm faydalar gətirir. Lakin bu cür faydalardan maksimum istifadə etmək üçün bir sıra mühüm köməkçi tədbirlər görülməlidir.
Azərbaycanda inflyasiya müvafiq makroiqtisadi və gəlir siyasətlərinin köməyilə təxirə salınmadan nəzarət altına alınmalıdır ki, potensial olaraq təhlükəli olan qiymət və əmək haqqı spiralından yayınmaq mümkün olsun. İqtisadi siyasətin həlledici əhəmiyyətli elementlərinə fiskal ekspansiya (kəskin artan büdcə xərcləri) tempinin məqbul səviyyəyə endirilməsi və monetar siyasətin sərtləşdirilməsi daxil edilməlidir. Bu tədbirlər mal və xidmət təklifi ilə əhali və müəssisələrin nominal alıcılıq qabiliyyətləri arasındakı balansı yenidən bərpa etmək üçün həlledici həmiyyət kəsb edir. Bundan başqa, Azərbaycanda qiymətlərin bahalaşmasına öz töhfəsini verən inhisarçılıq praktikalarının aradan qaldırılması üçün daha yaxşı əlaqələndirilmiş və səmərəli tədbirlər görülməlidir.
Eyni zamanda, hökumət enerji daşıyıcılarının qiymətindəki son bahalaşmanın aşağıdakı tədbirlərlə paralel həyata keçirilməsini təmin etməlidir. Kommunal xidmətlərin keyfiyyəti yüksəldilməlidir və bunun üçün dövlət müəssisələrində korporativ idarəetmə və maliyyə intizamının yaxşılaşdırılması üçün təcili addımlar atmaq lazım olacaq və ünvanlı sosial yardım proqramı çərçivəsində az təminatlı qrupların yaşayış səviyyələrinin pisləşməməsi üçün son qiymət artımlarını tam kompensasiya edən vəsaitin ayrılması təmin edilməlidir.
Qeyd edək ki, Vitali Kramarenkonun rəhbərliyi altında BVF-nin missiyası BVF haqqında Sazişin Maddələrinin IV Maddəsi çərçivəsində iqtisadi siyasətlə bağlı hər il nəzərdə tutulan müzakirələri aparmaq üçün fevral ayının ortalarında Bakıya səfər edəcək. Bu missiya enerji daşıyıcılarının qiymətləri və inflyasiyanın sabitləşdirilməsi ilə əlaqədar məsələlərlə də məşğul olacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR