Bank Of Baku

Sumqayıtda evləri qarət edən mütəşəkkil cinayətkar dəstənin üzvlərinin məhkəməsi davam edir

Sumqayıtda evləri qarət edən mütəşəkkil cinayətkar dəstənin üzvlərinin məhkəməsi davam edir
# 13 fevral 2007 15:47 (UTC +04:00)
Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə hakim Sahibxan Mirzəyevin sədrliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları Telman Süleymanov, Vüqar İsmayılov və Rafiq Abdullayevin işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, prosesdə şahid qismində R. Abdullayevin bacısı Jalə Abdullayeva ifadə verib. Şahidin dindirməsindən sonra zərərçəkmiş qismində Oqtay Ağayev vəsatət qaldıraraq dəstənin bəzi üzvlərinin azadlıqda olduğunu bildirib: “Həmin şəxslərdən biri Samir Kərimovdur və o, himayə olunduğu üçün məsuliyyətə cəlb olunmur. Məndə olan məlumata görə, hərbi prokurorluqda Samir barəsində cinayət işinin istintaqı gedir. Lakin istintaq məhkəmənin hökmünü gözləyir. Məhkəmə hökm çıxardıqdan sonra Samirin azadlığa buraxılması üçün yaşıl işıq yanacaq. Buna görə də, işin hallarının tam araşdırılması üçün yenidən istintaqa qaytarılmasını xahiş edirəm. Samir Kərimov məsuliyyətə cəlb olunmalıdır”. Zərərçəkmiş həmçinin ona vurulan ziyanın düzgün hesablanmadığı üçün məhkəməyə mütəxəssislər dəvət olunmasını və “Ruhiyyə” mağazasının müdiri Murad İsgəndərovun əlavə şahid qismində məhkəmədə dindirilməsini xahiş edib. Verilən vəsatətlərdən yalnız M. İsgəndərovun əlavə şahid kimi çağırılması təmin olunub. Daha sonra zərərçəkmiş qismində Sumqayıtdakı “Dəmir” ərzaq mağazasının rəhbəri Pərviz Rzayev, İlqar Qəhrəmanov və Ədalət Abdullayev ifadə veriblər. Proses fevralın 20-də davam etdiriləcək. Qeyd edək ki, təqsirləndirilən şəxslər 2005-ci ildə Sumqayıt şəhərində evlərin qarət edilməsində ittiham olunurlar. T. Süleymanovun rəhbərlik etdiyi mütəşəkkil dəstənin üzvlərinə qarşı Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq), 181.3.2-ci (quldurluq), 228.1-ci (qanunsuz olaraq odlu silah gəzdirmə və ya daşıma), 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham irəli sürülüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR