Bank Of Baku

Səhiyyə Nazirliyində 2006-cı ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib

Səhiyyə Nazirliyində 2006-cı ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib
# 13 fevral 2007 17:04 (UTC +04:00)
Bu gün Səhiyyə Nazirliyində 2006-cı ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda səhiyyə naziri Oqtay Şirəliyev cərrahiyyə sahəsinin çox inkişaf etdiyini, müraciət edən əhalinin ötən illərlə müqayisədə 11 min nəfər, təcili xidmətə daxil olan müraciətlərin isə 60 min nəfər artdığını vurğulayıb. Ambulator poliklinikalarda da böyük dəyişikliklərin getdiyini bildirən nazir əhalinin bu müəssisələrə inamının da getdikcə artdığını söyləyib. Nazir qeyd edib ki, dünya bazarında saxta dərmanlar 60-70% çoxalıb. Onun sözlərinə görə, Milli Məclisdə bu yaxınlarda qəbul edilən “Dərman vasitələri haqqında” qanun saxta dərman idxalı və ixracı ilə məşğul olan şəxslərə ağır cəzaların verilməsini nəzərdə tutur. Ötən il ərzində İnnovasiya və Təchizat Mərkəzinin 154 seriyada saxta dərmanlar aşkarlanıb və onların ölkəyə buraxılmasına qadağa qoyulub. Yoxlamalar nəticəsində 44 aptekin fəaliyyəti dayandırılıb. Nazir eyni zamanda, apteklərin fəaliyyəti ilə bağlı normativlərin artıq işlənib hazırlandığını və lisenziyası bitəcək apteklərin də fəaliyyətinin məhz bu normativlər əsasında tənzimlənəcəyini bildirib. O, 2005-ci ilə nisbətən yoluxucu xəstəliklərin 4-7 dəfə azaldığını, bəzilərinin isə ümumiyyətlə, qeydə alınmadığı nəzərə çatdırıb.
Nazir müavini, respublikanın baş sanitar həkimi Abbas Vəlibəyov isə deyib ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi və Vişnevskaya-Rostropoviç Fondunun maliyyə yardımı ilə qızılca və məxmərəyə qarşı yüksək səviyyədə immunlaşdırma kampaniyası keçirilib. Nəticədə məqsədyönlü qrupun 95,2%-i peyvənd olunub. Peyvənd təqviminə əsasən, idarəolunan yoluxucu xəstəliklərlə qarşı aparılmış immunlaşdırma tədbirləri polimelitə qarşı 97,7%, difteriya, göy öskürək və tetanusa qarşı 95,5%, qızılca, parotit və məxmərəyə qarşı 95,3%, “B” hepatitinə qarşı 95,2% yerinə yetirilib. Nazir müavini “quş qripi” xəstəliyinin qarşısının alınması məqsədilə görülən tədbirlər, xəstəliyin diaqnostikasını təmin etmək məqsədilə Respublika Taun Əleyhinə Stansiyada Azərbaycan hökuməti tərəfindən ayrılmış vəsait hesabına polimeraza-zəncirvari reaksiya (PZR) laboratoriyasının təşkili, bununla yanaşı, ABŞ Müdafiə Nazirliyi ilə həyata keçirilən layihə əsasında bir ədəd səyyar PSR laboratoriyasının alınması haqda da danışıb.
Kollegiyaya yekun vuran nazir səhiyyə sahəsinə, dərman preparatlarına dövlət tərəfindən ayrılan vəsaitin daim artdığını, poliklinika və xəstəxanaların dərman preparatları, sarğı ləvazimatları ilə təmin olunduğunu nəzərə alaraq, xəstələrdən pulun alınmaması, daxil olan hər bir xəstəyə daha diqqətli yanaşılması haqda göstəriş verib. O.Şirəliyev bir daha vurğulayıb ki, tibb müəssisələrində uşaqlara göstərilən xidmət pulsuzdur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR