Bank Of Baku

Yeni Yasamaldakı ət dükanlarının sahibləri ilə baş verən qarşıdurmada xəsarət almış Yasamal rayon Polis İdarəsinin rəis müavini əməliyyat olunub

Yeni Yasamaldakı ət dükanlarının sahibləri ilə baş verən qarşıdurmada xəsarət almış Yasamal rayon Polis İdarəsinin rəis müavini əməliyyat olunub
# 09 mart 2007 12:02 (UTC +04:00)
Yeni Yasamaldakı ət dükanlarının sökülməsi zamanı dükan sahibləri ilə polis arasında baş verən qarşıdurmada xəsarət almış Yasamal rayon Polis İdarəsinin rəis müavini Çingiz Məmmədov başından əməliyyat olunub. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi Şamil Seyidli məlumat verib. İdarə rəisinin sözlərinə görə, Ç. Məmmədov atılan daş nəticəsində baş nahiyəsindən xəsarət alıb. Hazırda rəis müavinin vəziyyətinin qənaətbəxş olduğunu bildirən Ş. Seyidli onun Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasında müalicə olunduğunu bildirib. Qarşıdurma zamanı, həmçinin, Yasamal rayon Polis İdarəsinin ictimai təhlükəsizlik bölməsinin rəisi Rafiq Cəfərovun qolu sınıb, ayaq sümüyü çatlayıb. Bundan əlavə, 7 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarəti alıb. Ş. Seyidli bildirib ki, hadisə ilə bağlı ət satıcılarından 4 nəfər həbs olunub. Hazırda həmin şəxslər Yasamal rayon Polis İdarəsində saxlanılır və rayon prokurorluğu xuliqanlıq maddəsi ilə araşdırmalara başlayıb.
Əsasən, Laçın rayonunun Minkənd kəndindən olan satıcılarının etirazlarına baxmayaraq, dükanların sökülməsi prosesi bu gün də davam etdirilib. Ötən günlərdən fərqli olaraq, bu gün əraziyə xeyli sayda polis əməkdaşı gətirilib, polis dükanların yerləşdiyi küçəni bağlayıb. Hazırda texnikaların köməyi ilə dükanlar sökülür, ərazidə yük maşınları işləyir.
Qeyd edək ki, ət satıcıları ilə polis arasında qarşıdurma martın 8-də baş verib. Müvafiq dövlət qurumları ərazidə yerləşən 37 köşkün sahibinə sanitariya qaydalarına cavab vermədiyinə görə köşklərin söküləcəyi barədə xəbərdarlıq edib, sonrakı mərhələdə inşa ediləcək eyni sayda müasir köşkün sahiblərinə qaytarılacağı ilə bağlı vəd versələr də, sakinlər bununla razılaşmayıblar. Ət dükanlarının sahibləri isə APA-nın əməkdaşı ilə söhbətlərində bildiriblər ki, yeni dükanların əvvəlki sahiblərinə qaytarılacağına inanmırlar. Buna görə də onlar məsələ ilə bağlı yuxarı dövlət instansiyalarına müraciət edəcəklərini bildiriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR