Bank Of Baku

Yol qəzalarında 11 nəfər həlak olub

Yol qəzalarında 11 nəfər həlak olub
# 27 avqust 2007 15:30 (UTC +04:00)
Sumqayıtda ölümlə nəticələnən iki yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 26-da saat 11:00 radələrində şəhərin Z. Tağıyev qəsəbəsində Qusar rayon sakini Uran Qayıtmazovun idarə etdiyi “QAZ-3110” markalı və Sumqayıt şəhər sakini Ramil Abbasovun idarə etdiyi “BMW” markalı avtomaşınlar toqquşub. Nəticədə U. Qayıtmazovun sərnişini, həmyerlisi Vəcihə Ulubekova hadisə yerində ölüb, xəsarət almış U. Qayıtmazov və digər sərnişini, Rusiya Federasiyası vətəndaşı Venera Çələbiyeva xəstəxanaya yerləşdirilib. Həmin gün saat 21:15 radələrində isə Sumqayıt şəhər sakini Əlipənah Şahverdiyev “KamAZ” markalı avtomaşını idarə edərkən həmyerlisi Həşim Dadaşovu vurub. Nəticədə H. Dadaşov hadisə yerində dünyasını dəyişib. Hər iki faktla bağlı Sumqayıt ŞPİ-də araşdırma aparılır.
Göyçay rayonunda, Kərpic zavodunun ərazisində Qızılağac kənd sakini Zinhar Rəsulov “Massey Ferguson 240-S” markalı traktoru idarə edərkən həmkəndlisi İsmayıl Osmanovu vurub. Nəticədə İ. Osmanov hadisə yerində ölüb. Faktla bağlı Göyçay RPŞ-də araşdırma aparılır.
Abşeron rayonunun Təzəkənd kəndində Göyçay rayon sakini Ramin Rüstəmovun idarə etdiyi “Hyundai” markalı və Bakı şəhər sakini Ədalət Məmmədovun idarə etdiyi “VAZ-21011” markalı avtomaşınlar toqquşub. Nəticədə Ə. Məmmədovun sərnişini, Bakı şəhər sakini Mirhəsən Musayev hadisə yerində ölüb, xəsarət almış Ə. Məmmədov və digər sərnişinləri Hüsniyə Qocayeva, oğlu Ümid və qızı Dinara xəstəxanaya yerləşdirilib. Faktla bağlı Abşeron RPŞ-də araşdırma aparılır.
Sabunçu rayonunun I Zabrat qəsəbəsində Bakı şəhər sakini Zöhrab Məhərrəmovun idarə etdiyi “BMW” markalı və Mingəçevir şəhər sakini Vüsal Rəsulovun idarə etdiyi “VAZ-2106” markalı avtomaşınlar toqquşub. Nəticədə V. Rəsulov hadisə yerində ölüb, xəsarət almış Z. Məhərrəmov və onun sərnişinləri, qardaşı Abbas və həmyerlisi Ruslan Rəhimov xəstəxanaya yerləşdirilib. Faktla bağlı Sabunçu RPİ-də araşdırma aparılır.
Daşkəsən rayonunun Bayan kəndində Gəncə şəhər sakini Fəxrəddin Hüseynov idarə etdiyi “VAZ-2106” markalı avtomaşını ağaca vurub. Nəticədə F. Hüseynov hadisə yerində ölüb, sərnişini Səbuhi Quliyev isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Daşkəsən RPŞ-də araşdırma aparılır.
İsmayıllı rayonunun Təzəkənd kəndində Diyallı kənd sakini Aydın Şəfaqətov idarə etdiyi “VAZ-2106” markalı avtomaşını aşırıb. Nəticədə A. Şəfaqətov hadisə yerində ölüb. Faktla bağlı İsmayıllı RPŞ-də araşdırma aparılır.
Qaradağ rayonunun Sahil qəsəbəsində Naxçıvan şəhər sakini Hüseyn Qurbanov idarə etdiyi “KamAZ” markalı avtomaşını yolun kənarında təmirə dayanmış “KamAZ” markalı avtomaşına vurub. Nəticədə təmirə dayanmış “KamAZ” markalı avtomaşının sürücüsü, Saatlı rayon sakini Əliqismət Abdullayev hadisə yerində ölüb, digər sürücü H. Qurbanov isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Qaradağ RPİ-də araşdırma aparılır.
Nərimanov rayonu ərazisində, Heydər Əliyev prospektində Bakı şəhər sakini Fərhad İsmayılov idarə etdiyi “Mercedes” markalı avtomaşınla Bakı şəhər sakini Yelena İbrahimova və onun oğlu İmranı vurub. Nəticədə Yelena hadisə yerində ölüb, xəsarət alan İmran isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Nərimanov RPİ-də araşdırma aparılır.
Yeni Suraxanı qəsəbəsində Bakı şəhər sakini İbrahim Səlimov idarə etdiyi “VAZ-2106” markalı avtomaşını aşırıb. Nəticədə İ. Səlimov hadisə yerində ölüb. Faktla bağlı Suraxanı RPİ-də araşdırmalar aparılır.
Şamaxı şəhəri ərazisində şəhər sakini Samir İbrahimov idarə etdiyi “VAZ-2107” markalı avtomaşını dirəyə vurub. Nəticədə S. İbrahimovun sərnişini Əli Yusifov hadisə yerində ölüb, digər sərnişini Elşən Kərimov isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Şamaxı RPŞ-də araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR