Bank Of Baku

8 yaşlı Reyhanə Məcidovanın meyitini aşkarlamaq məqsədilə Samur-Abşeron kanalının 1260 metrlik tunelində aparılan axtarış tədbirləri nəticəsiz qalıb

8 yaşlı Reyhanə Məcidovanın meyitini aşkarlamaq məqsədilə Samur-Abşeron kanalının 1260 metrlik tunelində aparılan axtarış tədbirləri nəticəsiz qalıb
# 15 sentyabr 2007 12:52 (UTC +04:00)
APA-nın Şimal bürosunun məlumatına görə, bu gün səhər saat 09.00-da Azərbaycan Dövlət Sərhəd Xidmətinin Dəvəçiyə ezam olunmuş dalğıclardan ibarət xüsusi qrupu Reyhanə Məcidovanın meyitinin axtarılması üçün Samur-Abşeron kanalının tunelinə eniblər. Ümumilikdə əməliyyatda Dəvəçi rayon Polis Şöbəsinin əməkdaşları, Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi Zakir Saatov ,Samur-Abşeron su kanalı idarəsinin rəhbərliyi də iştirak edib. Dörd saat davam edən axtarış nəticəsində heç nə aşkarlanmayıb. Dəvəçi rayon polis şöbəsinin rəis müavini Məmmədmusa Hüseynov APA-ya açıqlamasında Samur-Abşeron kanalının suyunun Respublikası Prokurorluğu və Daxili İşlər Nazirliyi rəhbərlərinin göstərişi ilə kəsildiyini deyib: “Təkcə tuneldə yox, kanalın Çeyranbatana kimi bütün açıq hissəsində də axtarışlar gedir. Abşeron, Xızı və Siyəzən polis şöbələrinin əməkdaşları da tədbirdə iştirak edirlər. Reyhanə Məcidovanın meyiti tuneldə tapılmasa, axtarışlar yekunlaşmayacaq. Bundan sonra Siyəzəndəki sudurulducu hövzənin ətrafındakı qamışlıq sahəsinə baxış keçiriləcək”. Kanalın suyunun 37 gün sonra kəsilərək tuneldə axtarışların bu gün aparılmasının səbəbini Məmmədmusa Hüseynov müstəntiqin qərarı ilə əlaqələndirib. APA-nın Şimal bürosuna açıqlama verən Nailə və Reyhanə Məcidovaların atası Zamir Məcidov uşağın cəsədinin kanalda olduğuna inanmadığını deyib: "Əgər Reyhanənin meyiti tuneldən də tapılmadısa, deməli, meyiti kanalda axtarmağa dəyməz". Övladlarının sağ olmasına ümidini itirməyən Zamir Məcidov istintaq işinin Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinə verilməsi ilə əlaqədar bu günlərdə adıçəkilən quruma müraciət edəcəklərini söyləyib. Qeyd edək ki, bu gün Dağ Bilici kənd əsas məktəbində yeni dərs ilinin başlanması ilə əlaqədar keçirilən tədbir də Nailə və Reyhanə Məcidova bacılarına həsr olunub. Tədbirdə çıxış edən kənd sakinləri və müəllimlər Reyhanənin təcili olaraq tapılmasını tələb ediblər. Əks təqdirdə onlar uşaqlarını məktəbə buraxmayacaqlarını bildiriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR