Bank Of Baku

“İran-Azərbaycan” marşrutu üzrə qaçaqmalçılıqla narkotiklərin daşınması ilə məşğul olan iki qrup yaxalanıb

“İran-Azərbaycan” marşrutu üzrə qaçaqmalçılıqla narkotiklərin daşınması ilə məşğul olan iki qrup yaxalanıb
# 18 sentyabr 2007 12:57 (UTC +04:00)
Nazirliyin ictimaiyyətlə əlaqələr mərkəzindən APA-ya verilən məlumata görə, 2007-ci il sentyabrın 9-da Cəlilabad rayon sakinləri - 1965-ci il təvəllüdlü Nurəddin Camalov, 1970-ci il təvəllüdlü Samir Bağırov, 1966-cı il təvəllüdlü Eldar Bünyadov, 1975-ci il təvəllüdlü Rəşad Xəlilov və Bakı şəhər sakini, 1951-ci il təvəllüdlü Ramiz Məmmədov saxlanılıb, 4 kiloqrama yaxın heroin aşkarlanıb.
Müəyyən edilib ki, həmin şəxslər və hazırda şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, külli miqdarda narkotik vasitəni satış məqsədilə qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirmək barədə razılığa gəliblər. Məlum olub ki, Nurəddin Camalov İran vətəndaşına sifariş etdiyi 4 kq narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilməsində köməklik göstərilməsi üçün Samir Bağırova müraciət edib. S. Bağırov narkotik vasitənin qəbul edilməsini E. Bünyadova tapşırıb və o, sentyabrın 6-da Cəlilabad rayonunun Sərxanlı kəndi yaxınlığında Azərbaycan sərhədinin gömrük nəzarətindən kənar hissəsindən qaçaqmalçılıq yolu ilə keçirilmiş narkotik vasitəni İran vətəndaşından qəbul edib. Razılığa əsasən, E. Bünyadov sonradan R. Xəlilovun vasitəsilə R. Məmmədova satılması nəzərdə tutulan həmin narkotik vasitəni sentyabrın 9-da N. Camalovun evinə gətirib və ona təhvil verib. Həmin gün N. Camalovun Cəlilabaddakı evinə baxış keçirilərkən həmin narkotik vasitə aşkarlanıb.
MTN tərəfindən keçirilən daha bir əməliyyat nəticəsində qaçaqmalçılıqla narkotik vasitələrin daşınması ilə məşğul olan Lənkəran sakini, 1953-cü il təvəllüdlü Həsənağa Babaşov, Neftçala sakini, 1953-cü il təvəllüdlü Vidadi İbişov və Masallı sakini, 1978-ci il təvəllüdlü Cavid Əmənov saxlanılıb, 50 kiloqrama yaxın narkotik vasitə olan həşiş aşkarlanaraq götürülüb. Müəyyən edilib ki, H. Babaşov, V. İbişov və C. Əmənov hazırda şəxsiyyətləri istintaqla müəyyənləşdirilən İran vətəndaşları və qeyriləri ilə qabaqcadan əlbir olub, cinayət əlaqəsinə girərək külli miqdarda həşişi satış məqsədilə İrandan Azərbaycana gətirmək barədə razılığa gəliblər. Razılaşmaya əsasən, H. Babaşovun sifarişi ilə İran vətəndaşları sentyabrın 13-də gecə saat 02.00. radələrində Xəzər dənizi ilə motorlu qayıqda 50 kiloqrama yaxın narkotik vasitəni qaçaqmalçılıq yolu ilə Azərbaycanın gömrük sərhədinin gömrük nəzarətindən kənar hissəsindən keçirərək İrandan Azərbaycanın ərazi sularına gətirib və “Kurkasa” adası yaxınlığında qayıqla onları gözləyən C. Əmənova veriblər. Sonuncu həmin narkotik vasitəni öz qayığında aparıb H. Babaşovun tapşırığına əsasən saat 05.00 radələrində Neftçala rayonunda sahilə yaxın ərazidəki “Qaraquş” adlandırılan yerə gətirib qoyub. Sonra V. İbişov buraya gəlib kisəyə yığılmış həmin narkotik vasitəni oradan götürüb və onu özünün idarə etdiyi motosikletlə Neftçala rayonu, Xolqarabucaq kəndindəki evinə gətirib həyətyanı sahəsində gizlədib. MTN əməkdaşları tərəfindən Vidadi İbişovun evinə keçirilən baxış zamanı həmin ünvanda həyətyanı sahədə gizlədilmiş 50 kiloqrama yaxın həşiş aşkarlanaraq götürülüb. Hər iki faktla bağlı MTN İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət işləri başlanılıb, adları çəkilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barələrində həbs-qətimkan tədbiri seçilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR