Bank Of Baku

“Gəncə qapıları” abidə-kompleksinin açılış mərasimi keçirilib

“Gəncə qapıları” abidə-kompleksinin açılış mərasimi keçirilib
# 19 sentyabr 2007 16:33 (UTC +04:00)
Gəncənin 2501 illiyi ilə əlaqədar “Şəhər günü” adı altında silsilə tədbirlərə start verilib. APA-nın Qərb bürosunun məlumatına görə, dünən axşam saatlarından başlayaraq simvolik carçılar faytonlarla şəhər küçələri ilə hərəkət edərək əhalini tədbirlərə dəvət ediblər. “Şəhər günü” ilə əlaqədar tədbirlər ictimaiyyət nümayəndələrinin Heydər Əliyevin abidəsi önünə gül qoyması ilə başlayıb. Tədbirdə şəhər rəhbərliyi ilə yanaşı Türkiyə, Belarus və Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirləri, Tovuz, Şəmkir, Yevlax, Samux, Goranboy, Kəlbəcər, Daşkəsən və Xanlar rayonlarının icra hakimiyyəti başçıları və Cavad xan nəslinin nümayəndəsi olan Rza Xan Cavadxani iştirak edib. Daha sonra qonaqlar Cavad xanın məqbərəsini ziyarət ediblər. Ziyarətdən sonra şəhərin girəcəyində 12 əsr əvvəl mövcud olmuş Gəncə qapılarını əks etdirən yeni tikilmiş abidənin açılış mərasimi keçirilib. Açılış mərasimində çıxış edən səfirlər bu günün Gəncə əhalisi üçün əlamətdar bir gün olduğunu vurğulayaraq öz təbriklərini çatdırıblar. Çıxışlar başa çatdıqdan sonra “Gəncə qapıları”nın təntənəli açılış mərasimi olub. Mərasimlə əlaqədar “Gəncə qapıları” abidəsinin önünə qoyulmuş xanlıq dövrünə məxsus toplardan iki dəfə yaylım atəşi açılıb. Xalq artisti Nurəddin Mehdixanlının canlandırdığı Cavad xan obrazı alqışlarla qarşılanıb. Bu səhnə Cavad xan nəslindən olan Rza Cavadxaninin kövrələrək ağlamasına səbəb olub. Açılış mərasimi başa çatdıqdan sonra şəhər rəhbərliyinə və qonaqlara Gəncəyə məxsus yeməklər və şirniyyatlar təqdim edilib. Bundan sonra tədbir Gəncənin emblemini əks etdirilən abidənin önündə davam etdirilib.
“Şəhər günü” ilə əlaqədar tədbir günün ikinci yarısında Nizami Gəncəvinin məqbərəsi qarşısında “Nizami” poeziya bayramının keçirilməsi ilə davam edib. Gəncənin 2501 illiyi ilə əlaqədar keçirilən tədbirlər günün sonunda Heydər Əliyev meydanında konsert proqramı ilə başa çatıb. Qeyd edək ki, “Şəhər günləri” ilə əlaqədar tədbirlər sabah Heydər Əliyev meydanında folklor kollektivlərinin, idmançıların, sirk ustalarının çıxışları ilə davam etdiriləcək. Tədbirlər velosipedçilərin yarışı və yürüş estafetinin keçirilməsi ilə başa çatacaq. Günün sonunda isə Heydər Əliyev meydanında xüsusi proqram üzrə bayram konserti təşkil ediləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR