Bank Of Baku

MTN-nin keçirdiyi əməliyyat zamanı psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan bir neçə nəfər həbs olunub

MTN-nin keçirdiyi əməliyyat zamanı psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan bir neçə nəfər həbs olunub
# 08 oktyabr 2007 14:24 (UTC +04:00)
MTN ictimai əlaqələr mərkəzindən APA-ya verilən məlumata görə, külli miqdarda bu növ maddələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana gətirilməsi, dövlət orqanlarında müvafiq qeydiyyatdan keçmədən və razılıq almadan realizəsi ilə məşğul olan 1958-ci il təvəllüdlü, Kəlbəcər rayon sakini Şakir Nəcəfov, 1974-cü il təvəllüdlü Tərtər rayon sakini Rasim Məmmədov, habelə İran İslam Respublikasının vətəndaşları - 1965-ci il təvəllüdlü Şəhram Moradi və 1971-ci il təvəllüdlü Qasım Qaraşabani yaxalanıblar. Müəyyən edilib ki, həmin şəxslər və qeyriləri qabaqcadan əlbir olub qrup halında qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana külli miqdarda psixotrop maddələrin daşınması və satışı barədə razılığa gəliblər. Eyni zamanda, Ş. Nəcəfovun sifarişi ilə hazırda şəxsiyyətləri istintaqla araşdırılan digər İran vətəndaşları tərəfindən göndərilən psixotrop maddələrin, dərman vasitələrinin və tibbi ləvazimatların “Tehran-Bakı-Tehran” marşrutu üzrə hərəkət edən avtobusun sürücüsü Şəhram Moradinin mütəmadi olaraq, Azərbaycana gömrük sərhədindən və gömrük nəzarətindən gizli şəkildə keçirməklə gətirdiyi məlum olub. Adları çəkilən şəxslər nəzarətə götürülüb, Şəhram Moradi növbəti dəfə gətirdiyi müxtəlif psixotrop maddələri, dərman vasitələrini və cərrahiyyədə istifadə olunan tibbi ləvazimatları Şakir Nəcəfova təhvil verən zaman onlar cinayət başında yaxalanıblar. Ş. Nəcəfovun yaşadığı mənzilə baxış keçirilərkən külli miqdarda “Diazepam”, “Relanium”, “Natrioksibuterat” (QOMK) psixotrop maddələri, habelə digər dərman vasitələri və cərrahiyyədə istifadə olunan tibbi ləvazimatlar aşkarlanıb. R. Məmmədovun yaşadığı mənzilə baxış zamanı da çoxlu sayda müxtəlif psixotrop maddələr, dərman vasitələri, digər tibbi avadanlıqlar və ləvazimatlar aşkarlanaraq götürülüb. Fakt üzrə Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən psixotrop maddələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma) maddələri ilə cinayət işi başlanılıb, Ş. Nəcəfov, R. Məmmədov, Q. Qaraşabani, Ş. Moradi təqsirləndirilən şəxs qismində cəlb olunaraq, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR