APA-nın məlumatına görə, DSX İstintaq və Təhqiqat İdarəsinin rəisi ədliyyə polkovniki Azər İbrahimov bildirib ki, bu il noyabrın 3-də saat 16:00 radələrində Cəlilabad rayonunun Buravar kənd sakini Natiq Tofiq oğlu Ağayev idarə etdiyi “VAZ-2106” markalı 15 BD 220 dövlət nömrə nişanlı avtomaşınla Badamağac kəndindən Şatırlı kəndinə gedən yolda saxlanılıb. Avtomobilə baxış zamanı narkotik vasitə olan 1,990 kq heroin və 3,910 kq tiryək aşkar edilib. 1974-cü il təvəllüdlü N. Ağayev 1991-96-cı illərdə N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya-biologiya fakültəsində ali təhsil alıb. 1997-ci ildən indiyə kimi yaşadığı kəndin orta məktəbində kimya-biologiya fənnini tədris edir. Faktla bağlı DSX-nin İstintaq və Təhqiqat İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq), 234.4.1, 234.4.3 (qanunsuz olaraq narkotik vasitələri psixotrop maddələri və prekusorları hazırlama əldə etmə, istehsal etmə, daşıma, saxlama, satma), 318.2 (dövlət sərhədini qanunsuz olaraq keçmə), maddələri ilə cinayət işi başlanıb. Noyabrın 5-də N. Ağayev Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində həbs-qətimkan tədbiri seçilib. O, ifadəsində bildirib ki, narkotik vasitələri saxlanmamışdan iki gün əvvəl Qəhrəman adlı İran vətəndaşından alıb. “Qara bazar”da təxminən 1,990 kq heroinin qiyməti 80 min, 3,910 kq tiryəkin qiyməti isə 40 min ABŞ dollarıdır.
N. Ağayev bildirib ki, tanımadığı iki nəfər ona bağlı paketlər verib: “Həmin adamları əvvəllər heç görməmişdim. İndiyədək narkotik vasitəni nə istifadə etmişəm, nə satmışam, heç görməmişəm də. Mən heç siqaret də çəkmirəm. Əlində avtomat silahı olan iki nəfər məni bu paketləri götürməyə məcbur etdi. Bildirdilər ki, paketləri götürüb ünvanına çatdırmasam, evimi yandıracaqlar. Yəni məni təhdid etdilər. Mən də məcbur qalıb götürdüm. Demişdilər ki, kimlərsə zəng edib məndən paketləri götürəcək. Şok vəziyyətində idim, qorxub telefonumu bir gecə söndürdüm, tezdən açdım. Ertəsi gün paketləri maşına qoydum. Yolda komandiri görən kimi saxladım və dedim ki, maşında içərisində nə olduğunu bilmədiyim paket var”. N. Ağayev paketlərdən bir hissəsini maşının yük yerində, bir hissəsini isə oturacağın altında gizlətməsini izah edə bilməyib. /
APA/