Bank Of Baku

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi radikal vəhhabi qrupunun üzvləri baş leytenant Kamran Əsədov və Fərid Cabbarovu həbs edib

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi radikal vəhhabi qrupunun üzvləri baş leytenant Kamran Əsədov və Fərid Cabbarovu həbs edib
# 10 noyabr 2007 12:35 (UTC +04:00)
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən keçirilən əməliyyat nəticəsində axtarışa elan olunmuş radikal vəhhabi qrupunun üç üzvündən ikisi Kamran Əsədov və Fərid Cabbarov tutulublar. MTN ictimaiyyətlə əlaqələr mərkəzindən APA-ya verilən məlumata görə, ağır cinayət hadisələrinin törədilməsində təqsirləndirilən 1979-cu il təvəllüdlü, Bakı şəhər sakini, Müdafiə Nazirliyinin Xanlar rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəsinin zabiti baş leytenant Kamran Əsədov özünün də daxil olduğu radikal vəhhabi qrupunun digər üzvləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək xidmət etdiyi hərbi hissədən 4 avtomat, 1 “PK” əl pulemyotu, 20 əl qumbarası, xeyli sayda avtomat silah üçün patron və hərbi ləvazimat oğurlayaraq hərbi hissəni özbaşına tərk edib. Kamran Əsədov və qrupun digər üzvləri oğurladıqları silah-sursatı və hərbi ləvazimatların bir hissəsini İsmayıllı rayonu ərazisində gizlətdikdən sonra Bakıya gəliblər. Qrupun bəzi xarici ölkələrin Azərbaycandakı səfirliklərinə qarşı terrorçuluq aksiyası keçirmək planları barədə daxil olmuş məlumatlar əsasında MTN tərəfindən bu cinayətkar niyyətlərin qabaqlanması üçün xüsusi əməliyyat hazırlanaraq həyata keçirilib. Belə ki, oktyabr ayının 27-də saat 03 radələrində qrupun bir neçə üzvünün gizləndiyi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinin Bağ massivindəki ünvanda keçirilən əməliyyat tədbirləri ilə həmin şəxslər yaxalanıb, qrupun bir üzvü silahlı müqavimət göstərməyə cəhd edərkən məhv edilib. Oğurlanaraq gizlədilmiş silah-sursatın bir hissəsi həmin ünvanda, bir hissəsi isə İsmayıllı rayonu ərazisində aşkar edilərək götürülüb. Qrupun digər üzvlərinin yaxalanması üzrə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Xırdalan şəhər sakini, 1983-cü il təvəllüdlü Vüqar Əliyev və Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Elşən Məmmədov da zərərsizləşdiriliblər. Vüqar Əliyev və Elşən Məmmədov üzvü olduqları silahlı qrupun fəaliyyəti, plan və niyyətləri barədə ətraflı məlumat veriblər. Belə ki, onlar Bakı şəhərində bir sıra dövlət strukturlarına, habelə ABŞ-ın və digər dövlətlərin ölkəmizdəki səfirliklərinə qarşı terrorçuluq aksiyası keçirmək məqsədilə hərbi hissədən silah-sursat oğurladıqlarını, lakin məhz MTN-in Maştağa qəsəbəsində həyata keçirdiyi əməliyyat tədbirlərinin nəticəsində bu niyyətlərinin baş tutmadığını etiraf ediblər. Bu il oktyabrın 30-da, saat 22:30 radələrində qrupun axtarışda olan digər üzvləri - Kamran Əsədov, Fərid Cabbarov və Bəxtiyar Orucov Bakı şəhəri, Heydər Əliyev prospektində yerləşən “LukOyl” yanacaq doldurma məntəqəsinə silahlı basqın edərək, odlu silahdan atəş açmaqla işçilərdən birinə ağır bədən xəsarəti yetiriblər və 3 min manata yaxın pul vəsaitini ələ keçirərək hadisə yerindən qaçıb gizləniblər. MTN tərəfindən bu təhlükəli silahlı qrupun tezliklə zərərsizləşdirilməsi istiqamətində intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış təbirləri davam etdirilib. Əldə edilmiş əməliyyat məlumatları əsasında Kamran Əsədovun və Fərid Cabbarovun İsmayıllı rayonu ərazisindəki meşəlikdə gizləndikləri müəyyənləşdirilib və xüsusi əməliyyat kombinasiyası hazırlanıb. Noyabrın 9-da keçirilmiş çevik və səriştəli tədbirlərlə avtomat silahla silahlanmış Kamran Əsədov və Fərid Cabbarov müqavimət göstərməyə macal tapmadan və ətrafa ziyan vurmadan zərərsizləşdiriliblər. Onlardan 2 ədəd “AKM” tipli avtomat, 4 sandıqça və 120 ədəd güllə götürülüb. İlkin dindirilmə zamanı Kamran Əsədov və Fərid Cabbarov ifadələrində “LukOyl” yanacaqdoldurma məntəqəsinə basqının onlarla birlikdə Bəxtiyar Orucov tərəfindən törədildiyini, eləcə də zərərsizləşdirilmiş bu qrup tərəfindən ABŞ səfirliyinə qarşı terrorçuluq aksiyası hazırlandığını etiraf ediblər. Hazırda qrupun digər üzvü Bəxtiyar Orucovun tutulması və işin bütün hallarının araşdırılması istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR