Bakıda arvadını öldürməkdə ittiham olunan İlham Həşimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
APA xəbər verir ki, toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Mahmud Ağalarovun sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, bu il yanvarın 6-sı saat 04 radələrində paytaxtın Xətai rayonu ərazisində 1966-cı il təvəllüdlü Rəhimə Həşimovanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.
Aparılmış araşdırma zamanı zərərçəkmişin əri 1961-ci il təvəllüdlü İlham Həşimovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirərək Rəhimə Həşimovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, İlham Həşimov iş üzrə şübhəli şəxs qismində tutulub.
İstintaqın gedişində təqsirləndirilən İlham Həşimovun ittihamı ağırlaşdırılıb. Ona yekun olaraq Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham verilib.
İlham Həşimov bu maddə ilə təqsirli bilinərsə, 14 ildən 20 ilə və ya ömürlük azadlıqdan məhrum edilə bilər.