Fövqəladə Hallar Nazirliyi Beyləqanda kanala avtomobildə kanala düşən şəxsin axtarışlarını davam etdirir.
FHN-dən APA-ya verilən məlumata görə, bu gün günorta saatlarında nazirliyin “112” qaynar telefon xəttinə Baş Mil-Muğan kollektorunun Beyləqan rayonu, Birinci Şahsevən kəndinin ərazisindən keçən hissəsində minik avtomobilinin suya düşməsi və nəticədə 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən dərhal axtarışlara başlanılıb.
Sudan çıxarılan avtomobildə insan faktoruna rast gəlinmədiyindən, batdığı ehtimal olunan 1988-ci il təvəllüdlü Ağayev Sahil Təbriz oğlunun axtarışları dalğıc-axtarış qrupu tərəfindən kollektorda davam etdirilir.
Axtarış-xilasetmə əməliyyatı barədə əlavə məlumat veriləcək.
***
13.29
Beyləqanda kanala düşən avtomobil tapılıb.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, avtomobil FHN-in əraziyə cəlb olunan dalğıc-xilasediciləri tərəfindən müəyyən olunaraq sudan çıxarılıb. Amma sürücünün maşında olmadığı bildirilir.
Hazırda axtarışlar davam edir.
***
12.39
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Baş Mil-Muğan kollektorunun Beyləqan rayonunun Birinci Şahsevən kəndi ərazisindən keçən hissəsində minik avtomobilinin suya düşməsi nəticəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
FHN-dən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.
***
12.32
Beyləqanda avtomobil kanala aşıb.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, Beyləqanın Birinci Şahsevən kənd sakini, 1988-ci il təvəllüdlü Sahil Təbriz oğlu Ağayevin idarə etdiyi “Khazar” markalı minik avtomobili körpüdən aşaraq kanala düşüb.
Sahil Ağayevin hərbçi, idarə etdiyi maşının isə dostuna aid olduğu bildirilir.
Hazırda Fövqəladə Hallar Nazirliyinin dalğıc - xilasediciləri ərazidə axtarış-xilasetmə tədbirləri görürlər.
***
11.49
Beyləqanda yol qəzası baş verib.
APA-nın Qarabağ bürosu xəbər verir ki, avtomobilin körpüdən Yuxarı Qarabağ kanalına aşdığı bildirilir.
İlkin məlumata görə, maşının içində bir neçə nəfər olub. Hazırda Fövqəladə Hallar Nazirliyinin dalğıc - xilasediciləri tərəfindən axtarış-xilasetmə işləri görülür.