Beyləqan rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 4 nəfər (kişi) 31.07.2026-cı il tarixində saat 18:00 radələrində Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onlara bədənin çoxsaylı travması diaqnozu təyin edilib.
Xəsarət alan şəxslərə zəruri tibbi yardım göstərilib və ixtisaslı tibbi yardımın göstərilməsi üçün Saatlı Rayon Mərkəzi Xəstəxanasına və İmişli Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunublar.
Hadisə nəticəsində 1972-ci il təvəllüdlü şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.
***
20:03
Beyləqan rayonunda yol qəzası baş verib.
APA-nın Qarabağ bürosunun məlumatına görə, rayon ərazisində "Mercedes" markalı avtomobil idarəetməni itirərək yol kənarındakı kollektora girməsi nəticəsində 1972-ci il təvəllüdlü Şəfa Əliyev hadisə yerində həyatını itirib.
Qəza zamanı avtomobildə olan 1997-ci il təvəllüdlü Əlizamin Şəfa oğlu Əliyev, 1988-ci il təvəllüdlü Həsən Əbilqasım oğlu Həsənov və 1979-cu il təvəllüdlü Zəfər Gülmirzə oğlu Məmmədov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.
Yaralılar təcili tibbi yardım briqadası tərəfindən Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisənin başvermə səbəbləri araşdırılır.