FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yaşayış binalarında yerləşən iaşə obyektlərində propan maye qaz balonlarından istifadə halları ilə əlaqədar monitorinq keçirib.
APA xəbər verir ki, DYNX tərəfindən paytaxtın Səbail və Yasamal rayonlarında keçirilən monitorinq zamanı bir neçə qeyri-yaşayış obyektində yanğın təhlükəsizliyi qaydalarının tələblərinə zidd olan, insan həyatı və sağlamlığı üçün birbaşa təhlükə mənbəyi olan propan qaz balonlarından istifadə halları aşkar edilib.
Həyata keçirilən tədbirlərlə təhlükə mənbəyi olan propan qaz balonları obyektlərin nümayəndələri tərəfindən kənarlaşdırılıb.
Nazirlik bir daha vətəndaşlara, o cümlədən fiziki və hüquqi şəxslərə müraciət edərək, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasına çağırış edib.
Eyni zamanda, bildirilib ki, bazar və yarmarkaların ərazisində, binaların zirzəmi və kürsülərində propan qaz balonlarının saxlanılması və istifadəsi qadağandır.