Bank Of Baku

FHN Akademiyasında Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbir keçirilib - FOTO

FHN Akademiyasında Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbir keçirilib - FOTO
# 03 may 2023 12:51 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi - idarəçilik və varislik fəlsəfəsinin təbliği” mövzusunda tədbir keçirilib.

APA xəbər verir ki, tədbirdə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev, Milli Məclisin deputatı, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Akademiyanın rəisi, general-mayor Baba Salayev, FHN-in digər məsul şəxsləri, ali təhsil müəssisəsinin professor-müəllim heyəti və kursantları iştirak edib.

Əvvəlcə konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin Akademiyanın həyətində ucaldılmış abidəsinin önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra tədbir iştirakçıları akademiyada yerləşən Ümummilli lider Heydər Əliyev Mərkəzini, daha sonra isə Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş kitab və jurnallardan ibarət sərgini ziyarət ediblər.

Tədbir iştirakçıları, həmçinin Milli Məclisin komitə sədri Sadiq Qurbanovun “Zamana sığmayan Lider” kitabının və Akademiyanın yaradılmasının 15 illik yubileyi ilə bağlı nəşr edilmiş jurnalla tanış olublar.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxışlardan əvvəl Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən bəhs edib, dövlətimizin qurulması və güclənməsi istiqamətində titanik fəaliyyətindən danışıb: "Ümummilli liderin ən böyük xidmətlərindən biri də onun müdrik siyasətinin uğurla davam etdirə biləcək layiqli davamçı yetişdirməsi olub. Bir neçə gün sonra dahi liderimiz Heydər Əliyevin 100 illiyini qeyd edəcəyik. Dahi rəhbərin mütərəqqi siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev tərəfindən həyata keçirilmiş genişmiqyaslı və davamlı islahatlar nəticəsində Azərbaycan beynəlxalq birliyin nüfuzlu subyektlərindən birinə, regionun liderinə çevrilib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş əks-hücum əməliyyatları müvəffəqiyyətlə başa çatıb və düşmən tapdağında olan tarixi torpaqlarımız işğaldan azad olunub".

Milli Məclisin deputatı, komitə sədri Sadiq Qurbanov dahi rəhbərin şəxsi keyfiyyətlərindən və liderlik məziyyətlərindən söz açaraq onun xalqın müqəddəratı üçün yorulmaz fəaliyyətinin əhəmiyyətindən ətraflı danışıb. O, Ümummilli lideri zamana sığmayan şəxsiyyət, Azərbaycan xalqının xilaskarı adlandırıb.

Tədbirdə çıxış edən digər şəxslər də Ümummilli liderin ölkə və xalq qarşısında misilsiz xidmətlərindən, titanik fəaliyyətinin əhəmiyyətindən danışıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR