Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Nazirlikdən APA-ya verilən xəbərə görə, FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 61 yanğına çıxış və 1 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insan həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1 nəfər xilas olunub, yanğın zamanı 2 nəfər xəsarət alıb. Həmçinin, Masallı rayonunun Hüseynhacılı kəndində yanğın yerinin kəşfiyyatı zamanı 3 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.