Bank Of Baku

Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunub - YENİLƏNİB-1

Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunub - YENİLƏNİB-1
# 23 iyul 2026 14:50 (UTC +04:00)

Azərbaycan Respublikasının Xalq artisti, görkəmli teatr və kino aktyoru, rejissor Tofiq Mirzəyev 22 iyul 2026-cı il tarixində ömrünün son illərini yaşadığı İsrailin Arad şəhərində torpağa tapşırılıb.

APA xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, dəfn mərasimində İsraildə yaşayan Azərbaycan icmasının nümayəndələri və Tofiq Mirzəyevin oğlu iştirak edib.

“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının vitse-prezidenti, İsraildə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Yeganə Salman çıxış edərək Azərbaycan icması adından mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib. O, Tofiq Mirzəyevin Azərbaycan mədəniyyətinin inkişafındakı əvəzsiz xidmətlərindən, Vətəndən uzaqda yaşamasına baxmayaraq Azərbaycanla bağlılığını hər zaman qoruyub saxlamasından və diaspor fəaliyyətinə verdiyi töhfələrdən bəhs edib.

Çıxışlarda vurğulanıb ki, Tofiq Mirzəyevin Azərbaycan mədəniyyətinin inkişafına və diaspor fəaliyyətinə verdiyi töhfələr hər zaman minnətdarlıq hissi ilə xatırlanacaq, onun əziz xatirəsi Azərbaycan icmasının yaddaşında dərin hörmət və ehtiramla yaşayacaq.

Mərhumun məzarı üzərinə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və “Azİz” İsrail–Azərbaycan Beynəlxalq Assosiasiyası adından əklillər qoyulub, xatirəsi ehtiramla yad edilib", - məlumatda bildirilib.

***

22.07.2026, 21:41

Xalq artisti Tofiq Mirzəyev İsrailin Arad şəhərindəki qəbiristanlıqda dəfn olunub.

APA xəbər verir ki, dəfn mərasimində Xalq artistinin ailə üzvləri, İsraildəki Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi iştirak edib.

***

10:35

Azərbaycanın Xalq artisti, tanınmış kino aktyoru Tofiq Mirzəyev ötən gün gecə saatlarında İsrailin Beer-Şeva şəhərində yerləşən xəstəxanada vəfat edib.

Bu barədə APA-ya açıqlamasında İsraildə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman məlumat verib.

O qeyd edib ki, Xalq artisti 2 ay əvvəl insult səbəbilə sözügedən xəstəxanaya yerləşdirilib: "Tofiq Mirzəyevin səhhəti bir müddət əvvəl yaxşılaşsa da, son günlər yenidən halı pisləşdi. Özü sağlığında dəfələlərlə Bakıda dəfn olunmağı ilə bağlı arzularını dilə gətirsə də, bu gün İsrailin Arad şəhərindəki qəbiristanlıqda dəfn olunması planlaşdırılır".

Xatırladaq ki, Tofiq Mirzəyev 1932-ci ildə Gədəbəy rayonunda anadan olub. 1976-cı ildə Azərbaycan SSR-in Əməkdar artisti fəxri adına layiq görülən sənətçi Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi. O, 2022-ci il iyunun 14-də Azərbaycan Respublikasının Xalq artisti fəxri adına və həmin tarixdə "Şöhrət" ordeninə layiq görülüb. Tofiq Mirzəyev "Nəsimi", "Üzeyir ömrü", "O qızı tapın", "Onun bəlalı sevgisi", "Uşaqlığın son gecəsi", "İstintaq" kimi filmlərdə rol alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR