Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb. Hərəkətdə olan minik maşını mopedlə toqquşub.
Qəza zamanı mopedin sürücüsü 2006-cı il təvəllüdlü Kənan Hüseynov xəsarət alaraq xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.
TƏBİB-dən APA-ya verilən məlumata görə, iyulun 4-də saat 11:30 radələrində 2006-cı il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Ona bir neçə qarın boşluğu orqanının travması, baş-beyin silkələnməsi və qabırğanın sınığı diaqnozu təyin olunub. Hazırda pasiyentin instrumental-diaqnostik müayinələri davam etdirilir.