Fövqəladə Hallar Nazirliyi (FHN) Kürdəmirdə baş verən ağır yol qəzası barədə məlumat yayıb.
Nazirlikdən APA-ya verilən xəbərə görə, "112" qaynar telefon xəttinə Kürdəmir rayonunun Sığırlı kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı mikroavtobus və “КамАЗ” markalı yük avtomobili toqquşub, 1 nəfər mikroavtobusda sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti zədələnmiş nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
15.01
Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın xəbərinə görə, hadisə bu gün Bakı-Qazax əsas magistral yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb. "Mercedes Sprinter" markalı mikroavtobusla "KamAZ" markalı yük maşını toqquşub. Zərbənin təsirindən "KamAZ" aşıb. Hadisə zamanı 9 nəfər - Elgün Rəhbər oğlu Quliyev, Fəxrəddin Məhəmmədhəsən oğlu Quliyev, Zeynəb Mübariz qızı Məmmədova, Zəhra Vüqar qızı Quliyeva, Məhəmməd Vüqar oğlu Quliyev, İlqar Gəray oğlu Əliyev, Eldəniz Zahid oğlu Mehdiyev, 2001-ci il təvəllüdlü Zərif Əlizadə və Qələmnaz Vüqar qızı Quliyeva xəsarət alıb, Həmidə Quliyeva və digər şəxs isə ölüb.
Xəsarət alanlar Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
***
14.08
Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Bakı-Qazax yolunun Kürdəmir rayonundan keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, qəza nəticəsində 7 nəfər ağır xəsarət alıb, ölən də var.
Xəsarət alanlar rayon xəstəxanasına yerləşdirilib.
Hazırda hadisə yerində araşdırma aparılır.