Bank Of Baku

“Minasız dünya” - vətəndaş cəmiyyəti təşəbbüsləri” adlı tədbir keçirilib - FOTO

“Minasız dünya” - vətəndaş cəmiyyəti təşəbbüsləri” adlı tədbir keçirilib - FOTO
# 04 aprel 2025 10:52 (UTC +04:00)

Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyində Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə bağlı “Minasız dünya” - vətəndaş cəmiyyəti təşəbbüsləri” adlı tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə ölkədə fəaliyyət göstərən QHT təmsilçiləri iştirak edib.

Agentliyin layihələrin idarə edilməsi departamentinin müdiri Elnur Bağırlı bildirib ki, son illərdə bu sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına maliyyə yardımı ayrılıb və onların layihələrinin icrasına dəstək verilib.

O, postmünaqişə dövründə 387 Azərbaycan vətəndaşının mina partlayışında həyat və sağlamlıqlarını itirməsinə diqqət çəkib.

Agentlik rəsmisinin sözlərinə görə, son statistika Azərbaycanda ümumilikdə 4000 nəfərə yaxın mina qurbanı olduğunu göstərir.

Elnur Bağırlı agentliyin bu sahədə həyata keçirilən layihələrə verdiyi dəstəkdən də danışıb:

"Agentliyin fəaliyyətindən mina problemlərinin işıqlandırılması, Azərbaycanın mina problemlərinin dünya ictimaiyyətinə çatdırılması prioritet məsələlərdən biri olaraq ön plandadır. Agentlik tərəfindən 2021-2024-cü illər ərzində 24 layihəyə 355 500 manat maliyyə dəstəyi ayrılıb. “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı beynəlxalq forum təşkil edilib. Mina problemi ilə bağlı qeyri-hökumət təşkilatlarının rolu xüsusilə vacibdir".

Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev son illər qlobal məcradakı münaqişələr nəticəsində mina qurbanlarının sayının artdığını bildirib.

O deyib ki, Azərbaycanda mina terroru ilə mübarizə sahəsində dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti də mühüm rol oynayır.

"Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri Hafiz Səfixanov bildirib ki, 1998-ci ildə yaradılan təşkilat 2007-ci ildə dövlət qeydiyyatına alınıb.

O bəyan edib ki, rəhbəri olduğu təşkilatın 27 şəhər və rayonda həyata keçirdiyi layihələr çərçivəsində 594 nəfər mina qurbanı iştirak edib, bəzi rayonlarda bu qəbildən olan şəxslər üçün arıçılıq və heyvandarlıq təsərrüfatı yaradılıb.

Tədbirdə qeyd olunub ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə mina təhlükəsi sahəsində silsilə hesabatlar hazırlanaraq ictimaiyyətə təqdim olunub.

İştirakçılara, həmçinin 2020-ci ildə agentliyin dəstəyi ilə Cenevrədə BMT çərçivəsində keçirilən konfransda Azərbaycandakı mina təhlükəsi barədə məlumat verildiyi qeyd olunub.

2024-cü ildə Keniyanın paytaxtı Nayrobidə təşkil olunan analoji tədbirdə də iştirakçılara ölkəmizdə Qarabağın işğalı dövründə basdırılan minaların törətdiyi təhdidlərlə bağlı ətraflı danışılıb. Son 3 ildə həyata keçirilən layihələr zamanı hazırlanan hesabatlar beynəlxalq qurumların yekun hesabat sənədlərində də əks olunub.

Tədbirin sonunda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Gilavar Foto Klubu" İctimai Birliyinin mina təhlükəsi ilə bağlı hazırladığı film nümayiş etdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR