Naxçıvanda cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşya keçirən əməkdaş saxlanılıb

Naxçıvanda cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşya keçirən əməkdaş saxlanılıb
# 22 may 2025 18:22 (UTC +04:00)

Naxçıvanda cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşya keçirən, həmçinin həmin əşyanı istifadə edən şəxslər aşkarlanıb.

APA xəbər verir ki, bu barədə MR Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən bildirilib.

Qeyd olunub ki, Penitensiar Xidmətin Əməliyyat-rejim şöbəsinə xidmətin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin Qadın məhkumlar bölməsində məhkumlar tərəfindən hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunmuş əşyanın (mobil telefon) mövcud olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında Penitensiar Xidmətin aidiyyəti əməkdaşları tərəfindən müvafiq araşdırma aparılıb.

Cəzaçəkmə müəssisəsi əməkdaşının öz qulluq mövqeyindən istifadə etməsi

Araşdırma zamanı cəzaçəkmə müəssisəsi əməkdaşının öz qulluq mövqeyindən istifadə edərək özünə məxsus çantada iki ədəd mobil telefonu və onlara aid aksesuarları yoxlamadan gizlətməklə müəsissəsinin daxilinə keçirərək cəza çəkən qadın məhkuma verməsi və həmin məhkum tərəfindən qeyd edilən qadağan olunmuş əşyalardan istifadə edilməsi faktı müəyyən edilib.

Törədilmiş əməllərdə Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri mövcud olduğundan, aidiyyəti üzrə araşdırmanın aparılması və hüquqi qiymətin verilməsi üçün toplanmış materiallar və maddi sübutlar Penitensiar Xidmət tərəfindən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin İstintaq bölməsinə göndərilib.

Cinayət işi və istintaq

İstintaq bölməsi tərəfindən toplanmış materiallar istintaq aidiyyəti üzrə Muxtar Respublika Prokurorluğuna göndərilib, faktla bağlı Cinayət Məcəlləsinin 308.1, 317-1.2 və 317-2.2 maddələri ilə cinayət işi başlanıb və istintaq aparılıb.

Məhkəmənin hökmü

Kəngərli Rayon Məhkəməsinin hökmü ilə həmin iş üzrə cəzaçəkmə müəssisəsinin adı keçən əməkdaşı Cinayət Məcəlləsinin 317-1.2-ci maddəsinə, cəzaçəkmə müəssisəsində cəzaçəkən məhkumlar isə Cinayət Məcəlləsinin 317-2.2-ci maddəsinə əsasən məhkum edilərək, onlara qanunda nəzərdə tutulmuş cəzalar təyin edilib.

Hökm qanuni qüvvəsini alıb və icraya yönəldilib.

Həmin şəxslər (4 nəfər) müvafiq olaraq 1 il 10 gün, 3 və 4 ay müddətlərində azadlıqdan məhrum ediliblər. Qərara əsasən, onlar cəzalarını ciddi və ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər. Həmçinin, Cinayət Məcəlləsinin 317-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinən şəxs 1 il 1 ay müddətində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, 3200 manat cərimə cəzasına məhkum edilib. Onun barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri hökm qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılıb.

Qeyd olunub ki, cəzaçəkmə müəssisələrinin etibarlı mühafizəsinin təmin edilməsi, qadağan olunmuş əşyaların müəssisələrə keçirilməsinın qarşısının alınması Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən daim nəzarətdə saxlanılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR