Prokurorluq idmançı Elmir Cəbrayılovun şirkətdən şikayəti ilə bağlı məlumat yayıb

Prokurorluq idmançı Elmir Cəbrayılovun şirkətdən şikayəti ilə bağlı məlumat yayıb
# 27 may 2025 12:57 (UTC +04:00)

Baş Prokurorluq paraatlet idmançı Elmir Cəbrayılovun “İnşaat Konstruksiyaları” MMC tərəfindən inşa edilən binadan mənzil alarkən aldadılması ilə bağlı yayılan məlumatlar barədə açıqlama yayıb.

Baş Prokurorluqdan APA-ya verilən məlumatda deyilir:

Paraatlet idmançı Elmir Cəbrayılovun şirkətdən şikayəti

"Məlumat verildiyi kimi, “İnşaat Konstruksiyaları” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi Rauf Əliyev, direktoru Rəsul Əhmədov, habelə maliyyə işləri üzrə direktor müavini Zahir Nəcəfov barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işi üzrə ibtidai istintaq 2023-cü ildə tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmə baxışı davam etdirilir

Təqsirləndirilən şəxslər Rauf Əliyev, Rəsul Əliyev və Zahir Nəcəfovun Cinayət Məcəlləsinin 178.4 (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə),308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələrilə ittiham edildiyi cinayət işi üzrə hazırda məhkəmə baxışı davam etdirilir.

Cinayət işi üzrə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 33 ünvanında yerləşən “İnşaat Konstruksiyaları” MMC-yə məxsus binada eyni mənzillərin birdən çox şəxsə satılması nəticəsində 194 zərərçəkmiş şəxsə ümumilikdə 12 milyon manatdan artıq ziyan vurulması müəyyən olunub və ibtidai istintaq dövründə 153 şəxsə vurulmuş 9 milyon manatdan artıq ziyanın ödənilməsi təmin edilib.

İbtidai istintaq zamanı 28 şəxsə 1,5 milyon manatdan artıq pul vəsaitinin ödənilməsi təmin edilib

Bundan başqa, Baş İdarədə “İnşaat Konstruksiyaları” MMC-nin vəzifəli şəxsləri barəsində məhkəməyə göndərilmiş qeyd edilən cinayət işindən ayrıca icraata ayrılmış digər cinayət işi üzrə ibtidai istintaq zamanı 28 şəxsə 1,5 milyon manatdan artıq pul vəsaitinin ödənilməsi təmin edilib.

Müraciətə icraatda olan cinayət işi çərçivəsində baxılır

Bununla yanaşı, Cabbarov Səyyaf Cəbrayıl oğlunun "İnşaat Konstruksiyaları" MMC-nin digər ünvanda - Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov, A.İsmayılov küçələrinin kəsişməsində yerləşən hazırda inşa edilməkdə olan binadan mənzil alarkən aldadılmasına dair müraciətinə icraatda olan cinayət işi çərçivəsində baxılmaqdadır.

Belə ki, istintaqla müəyyən edilib ki, Səyyaf Cabbarov 07 avqust 2020-ci il tarixdə mülki müqavilə əsasında “İnşaat Konstruksiyaları” MMC-dən həmin binanın 9-cu mərtəbəsində yerləşən 121.3 m2 ölçüdə, 2 otaqlı ümumi dəyəri 303.250 manat olan mənzilə görə 238.922 manat dəyərində ödəniş etməklə və əlavə olaraq fərq məbləği dəyərində tikinti materialı verdikdən sonra müqavilənin qüvvəyə minməsi ilə bağlı razılığa gəlib, lakin tərəflər arasında göstərilən razılığa tam əməl olunmadığına görə mənzil ona təhvil verilməyib".

Qeyd olunub ki, hazırki dövrədək qeyd edilən mənzilin başqa şəxsə satılmadığı və tərəflər arasında yaranmış mübahisənin öhdəliklərin icrası ilə bağlı mülki hüquqi xarakter daşıdığı müəyyən edilib. Müraciəti ilə əlaqədar Baş idarədə qəbul olunan Səyyaf Cabbarovun oğlu Elmir Cəbrayılov hazırda mənzilə dair əlavə ödəniş etmək üçün maddi imkanlarının olmadığını, bu səbəbdən ödədiyi vəsaitin mənzilin satılması ilə qaytarılmasını xahiş edib və ona göstərilən xüsusatla bağlı mülki qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilib.

Hazırda işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə zəruri istintaq hərəkətləri və digər tədbirlərin icrası davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR