12.08.2026-cı il tarixində saat 19:00-dan başlayaraq Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə müraciətlər daxil olub.
Pasiyentlərə ilkin tibbi qiymətləndirmə aparılıb və zəruri tibbi xidmətlər göstərilib. Hazırda pasiyentlərin vəziyyəti stabildir.
Müvafiq instrumental müayinələr və araşdırmalar tamamlandıqda ictimaiyyətə əlavə məlumat veriləcək.
***
10.42
Samuxda 5 nəfər xəstəxanaya yerləşdirilib.
APA-nın yerli bürosunun məlumatına görə, rayonun Alıuşağı kəndinin sakinləri olan 5 nəfər - 1976-cı il təvəllüdlü M. Allahverdiyeva, 1980-ci il təvəllüdlü A. Allahverdiyev, 1984-cü il təvəllüdlü S. Əliyev, 1986-cı il təvəllüdlü E. Cabbarov və 1975-ci il təvəllüdü M. Orucova Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan yoluxucu xəstəliklər şöbəsində müalicəyə cəlb olunublar.
Əvvəlcə onların qidadan zəhərləndiyi ehtimal olunub.
Aparılan ilkin müayinələr nəticəsində onlarda qarayara xəstəliyinin əlamətlərinin olduğu müəyyən edilib.
Hazırda araşdırma aparılır.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Samuxda baş verən hadisə nəzarətdədir.
“Hadisənin səbəblərinin, həmçinin, qida zəhərlənməsi olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırma aparır. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək”, - AQTA-dan qeyd ediblər.
Fuad Nazimoğlu
Günay Elşən