DİN-in Baş Dövlət Yol Polisi İdarəsi dünən Samuxda ölümlə nəticələnən yol qəzası barədə məlumat yayıb.
İdarədən APA-ya verilən xəbərə görə, noyabrın 17-si saat 19:00 radələrində Samux rayonunun Qədili kəndində, mürəkkəb relyefə malik ərazidən keçən yolda “Chevrolet Niva” markalı avtomobillə hərəkətdə olan İlyas Aslanov sürət həddini nəzərə almadan sərt döngəyə daxil olarkən idarəetməni itirib.
Yoldan çıxaraq dərəyə yuvarlanan avtomobilin sürücüsü hadisə yerində həyatını itirib, sərnişini Əziz Məmmədov isə ağır xəsarətlə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
"Hadisəsinin ağırlıq dərəcəsinə təsir göstərən amillərdən biri də sürücü və sərnişinin təhlükəsizlik kəmərini bağlamadıqları üçün dərəyə yuvarlanarkən, eləcə də zərbənin təsirindən avtomobildən kənara atılarkən aldıqları xəsarətlər hesab edilir.
Baş Dövlət Yol Polisi İdarəsi yüksək sürətin ağır faciələrə səbəb olduğunu bir daha xatırladır, bununla yanaşı sürücüləri yol və hava şəraitini daim nəzərə almağa, təhlükəsizlik kəmərini bağlamağa və sərnişinlərin də bu həyat əhəmiyyətli qaydaya qeyd-şərtsiz əməl etmələrinə nail olmağa çağırır.
Unutmayaq, qayda pozuntusu hüququ məsuliyyət, onun fəsadları isə heç zaman bərpası mümkün olmayan itkilər doğurur".
***
17 noyabr, 20.11
Samux rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə zamanı minik avtomobili aşıb.
Qəza nəticəsində Daşkəsən rayon sakini 1994-cü il təvəllüdlü İ.Aslanov ölüb.
1981-ci il təvəllüdlü Ə.Məmmədov xəsarət alıb.
***
19:53
Samuxda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun "Kür yolu" adlanan ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan minik maşını idarəetmədən çıxıb. Nəticədə, minik maşını yolun kənarına aşıb.
Qəza zamanı 2 nəfər xəsarət alıb, yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.