Bakı. Hafiz Heydərov - APA. Bakıda sahibkar qadının evində xüsusi amansızlıqla öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Bakı şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə qorxu ilə tələb etmə ilə əlaqədar qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb, cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
***
Saat: 14.26
Bakı - APA. Bakıda evində ölü tapılan qadına 43 bıçaq zərbəsi vurulub.
APA TV-nin hadisə yerində olan əməkdaşının məlumatına görə, hadisədən ilk olaraq öldürülən şəxsin qızı xəbər tutub, polisə də o məlumat verib.
İlkin araşdırma zamanı Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 17 ünvanında meyiti tapılan qadının 1960-cı il təvəllüdlü Məryəm Namədzadə olduğu müəyyənləşib.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Məryəm Namədzadə Bakıdakı məşhur “Jewellery” zinət əşyaları mağazasının sahibi olub.
***
saat 13.18
Bakı. Hafiz Heydərov – APA. Bakıda daha bir qətl törədilib.
Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayonun Feyzulla Qasımzadə küçəsi 17 ünvanında yerləşən mənzildə bıçaqla qətlə yetirilmiş qadın meyiti tapılıb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları çıxıb.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.