Bakının mərkəzində yaşayış binasında baş verən yanğın söndürülüb.
APA-nın hadisə yerində olan müxbiri bildirir ki, bu barədə yanğın baş verən ərazidə olan Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) rəisi, general-mayor Füzuli Əsədov bilirib.
F. Əsədov qeyd edib ki, hadisə nəticəsində binanın 2000 kv.metr dam örtüyünün 250 kv.metri yanıb.
Onun sözlərinə görə, yanğın barədə siqnal saat 08.29-da daxil olub.
Hadisə yerinə FHN-nin 12 texnikası, 50 nəfərədək canlı qüvvəsi cəlb edilib.
Yanğın nəticəsində xəsarət alan olmayıb.
***
11.04
Bakının Səbail rayonunda dördmərtəbəli yaşayış binasının dam örtüyündə baş vermiş yanğın məhdudlaşdırılıb.
FHN-dən APA-ya verilən məlumata görə, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Bəzi tüstülənmə ocaqlarının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
10.02
Bakıda yaşayış binasında yanğın davam edir.
APA-nın hadisə yerində olan müxbiri xəbər verir ki, yanğının söndürülməsi üçün hadisə yerində 10-dan çox yanğınsöndürən maşın işləyir.
Hadisə yerinə təcili tibbi yardım maşını da cəlb olunub.
Külək yanğının qarşısının alınmasına çətinliklər yaradır.
Sakinlər binadan təxliyə olunub.
***
09.05
Bakıda yaşayış binasında yanğın başlayıb.
APA-nın məlumatına görə, hadisə Səbail rayonunda, Neftçilər prospektinin "Azneft" meydanı yaxınlığında dördmərtəbəli yaşayış binasının dam örtüyündə qeydə alınıb.
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.
Alovun qarşısının alınması üçün tədbirlər görülür.