Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İran xüsusi xidmət orqanları ilə əməkdaşlıqda, qaçaqmalçılıqda və digər cinayətlərdə təqsirləndirilən Azərbaycan və İran vətəndaşlarının cinayət işi üzrə məhkəmə prosesinin ilkin baxış iclası keçirilib.
APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Daha sonra təqsirləndirilən şəxslər - Samir Həsənov və Hangah Rauf Kərimli ifadə verərək özlərini təqsirli bilmədiklərini, İran xüsusi xidmət orqanları ilə hər hansı əməkdaşlıqlarının olmadığını bildiriblər.
Proses mayın 29-da davam etdiriləcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslər - Azərbaycan vətəndaşı Samir Həsənov və İran vətəndaşı Hangah Rauf Kərimli Cinayət Məcəlləsinin 247-ci (dövlətə xəyanət), 206-cı (qaçaqmalçılıq) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələrinə əsasən ittiham olunurlar.
Onlar Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həbs ediliblər.