Şirvan. Əlibəy Zeynallı-APA. Şirvan Apellyasiya Məhkəməsində Masalıı rayonunda qətl törətmiş qardaşların apellyasiya şikayətinə baxılıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə Masallı rayon sakinləri Abdinov Arzuman Xanoğlan oğlu və qardaşı Abdinov Mülayim Xanoğlan oğlunun apellyasiya şikayəti təmin edilməyib. Birinci instansiya məhkəmənin qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, 2014-cü ilin iyulun 31-də Masallı rayonunun Ərkivan qəsəbəsində, 1979-cu il təvəllüdlü, 2 uşaq atası, Şiriyev Pünhan Cəbrayıl oğlu Abdinov qardaşları tərəfindən amansızlıqla döyülüb. Ağır kəllə-beyin travması alan Pünhan Şiriyev bir neçə gün sonra xəstəxanada dünyasını dəyişib.
Abdinov qardaşları Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4 maddələri ilə ittiham olunublar. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onların hər ikisi 18 il müddətinə azadlıqdan məhrum edilib.