Dekabrın 31-i, 1-i, 2-si və növbəti bayram günlərində Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə hava əsasən yağmursuz keçəcək.
Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov deyib:
"Bakıda və Abşeron yarımadasında mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə saatlarında 2-7 dərəcə, gündüz isə 10-15 dərəcə isti olacaq" .
O bildirib ki, bölgələrdə də hava əsasən yağmursuz keçəcək:
"Şərqi-Zəngəzur, Qarabağ bölgəsində gecə və səhər saatlarında bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5, gündüz saatlarında 8-13 dərəcə isti olacaq. Aran rayonlarında havanın temperaturu gecə 0-5, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir. Dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq".
Nazim Mahmudov deyib ki, bayram günlərində ölkə ərazisində qar yağacağı gözlənilmir:
"Bayram günlərində hava əsasən sabit olacaq. Buna görə avtomobil yollarının buz bağlaması da müşahidə edilməyəcək".