Azad edilmiş ərazilərimizdə dislokasiya olunan Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin sərəncamına Türkiyənin Milli Müdafiə Nazirliyinin tabeliyində olan ASFAT AŞ şirkəti tərəfindən istehsal olunan "MEMATT" (Mexanik Mina Təmizləmə Təchizatı) texnikalar verilib.
Müdafiə Nazirliyinin mətbaut xidmətindən APA-ya verilən məlumata görə, bu texnikalar yaşayış məntəqələrimizin, əkin üçün yararlı olan ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərinə cəlb edilib.
İşğaldan azad olunan ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 11900 hektardan çox ərazi minalardan təmizlənib. Ümumilikdə 16000-dən çox mina və partlamamış döyüş sursatı utilizasiya edilib.
Hazırda azad edilən ərazilərdə minaların və partlamamış döyüş sursatlarının aşkarlanması və zərərsizləşdirilməsi üzrə tədbirlər davam etdirilir.