NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolominanın APA-ya müsahibəsi
“NATO-Azərbaycan əməkdaşlığı pandemiyadan əvvəlki səviyyəyə qayıdıb”
- Əvvəlcə NATO və Azərbaycan arasındakı münasibətlərlə bağlı soruşmaq istərdim. Azərbaycanla alyans arasında əməkdaşlığın hazırkı vəziyyəti necədir?
- NATO və Azərbaycan uzun illərdir qarşılıqlı maraq doğuran təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsini davam etdirir. Biz qüvvələrimizin qarşılıqlı fəaliyyət qabiliyyətinin gücləndirilməsi və meydana çıxan təhlükəsizlik çağırışlarının həlli üçün praktiki əməkdaşlığa əsaslanan sıx tərəfdaşlığı davam etdiririk.
Biz COVID-19 pandemiyasından əvvəlki dövrün əməkdaşlıq səviyyəsinə artıq geri qayıtmışıq və Azərbaycanın NATO yanında Nümayəndəliyindəki həmkarlarımızla birlikdə bizi gələcək illər üçün iddialı kursa yönəltməli olan Fərdi Tərəfdaşlıq Proqramı (və ya ITPP) adlı yeni çərçivə sənədinin hazırlanması üzərində işləyirik.
Mən bir daha Əfqanıstanda NATO-ya verdiyi dəstəyə, xüsusilə də keçmiş Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələri və Qətiyyətli Dəstək Missiyamıza qoşun töhfələrinə, eləcə də Azərbaycan bölmələrinin 2021-ci ilin avqustunda Kabil hava limanından müttəfiqlərin və tərəfdaşların şəxsi heyətinin, risk altındakı əfqanların təxliyə edilməsi səylərinin dəstəklənməsində oynadığı rola görə, Azərbaycana minnətdarlığımızı bildirmək istəyirəm.
“Ukrayna müharibəsi Azərbaycandan neft və qaz nəqlinin strateji əhəmiyyətini artırıb”

- Rusiyanın Ukraynaya qarşı müharibəsi kontekstində Cənubi Qafqaz regionunda təhlükəsizlik vəziyyətini necə qiymətləndirirsiniz?
- Rusiyanın Ukraynaya qarşı qeyri-qanuni və əsassız müharibəsi Avropada sülh və sabitliyə xələl gətirib, qida və enerji böhranına səbəb olub ki, bu da dünyanın bir çox bölgəsinə təsir edir. Bu, Ukraynanın suverenliyi və ərazi bütövlüyünün, öz yolunu seçmək hüququnun açıq-aşkar və kobud sürətdə pozulmasıdır. Rusiyanın beynəlxalq humanitar hüququ dəfələrlə pozması ölüm, iztirab və dağıntılara səbəb olub.
NATO bu müharibənin tərəfi deyil. Bununla belə, biz Ukraynanın BMT Nizamnaməsində təsbit olunmuş qanuni özünümüdafiə hüququnu dəstəkləyirik.
Prezident Putin böyük strateji səhvlərə yol verib. O, ukraynalıların öz ölkələrini, evlərini və ailələrini müdafiə etmək əzmini tamamilə yanlış qiymətləndirib. O, həmçinin NATO müttəfiqlərinin və tərəfdaşlarımızın Kremlə misli görünməmiş bədəl ödədəcək səviyyədə həmrəyliyini lazımi dərəcədə qiymətləndirməyib. Ukraynaya qanunsuz müdaxilə etdiyi üçün Rusiya indi daha yoxsuldur və dünyadan daha çox təcrid olunub.
Bir çox ölkələr, o cümlədən Cənubi Qafqazdakı tərəfdaşlarımız da Rusiyanın ehtiyatsız və düşüncəsiz hərəkətlərindən təsirlənir. Səfərbərlikdən yayınmağa çalışan bir milyondan çox rusiyalı xaricə gedib. Rusiya ilə qonşu olan bütün ölkələr bu gözlənilməz qonşunun hərəkətlərinə uyğunlaşmağa və onları qabaqcadan təxmin etməyə məcburdur.
Eyni zamanda, (Ukraynadakı müharibə səbəbi ilə) enerji mənbələrinin şaxələndirilməsi və Azərbaycandan neft və qaz nəqlinin strateji əhəmiyyəti daha da artıb.
- Rusiyanın qonşu ölkələrə, xüsusilə də NATO çətiri altında olmayan ölkələrə təhlükə yaratması barədə hər zaman müəyyən yanaşmalar mövcud olub. Sizcə Ukraynada real problemlərlə üzləşmiş Rusiyanın digər ölkələrə müdaxiləsi riski hələ də qalırmı?
- Rusiya uzun illər məcburiyyət, təxribat, təcavüz və qeyri-qanuni ilhaq yolu ilə təsir dairəsini və birbaşa nəzarətini yenidən yaratmağa çalışıb. Bu, hər bir ölkənin öz yolunu seçmək hüququ da daxil olmaqla Rusiyanın özünün də imzaladığı Avropa təhlükəsizliyinin fundamental prinsiplərinə ziddir. Daha spesifik desək, Cənubi Qafqazın hər üç ölkəsi üçün proqnozlaşdırıla bilinməyən aqressiv qonşudan müdaxilə riski realdır. Ümid edirəm ki, bu, həmin ölkələri daha dayanıqlı cəmiyyətlər və iqtisadiyyatlar qurmaq səylərini ikiqat artırmağa, arzuolunmaz müdaxilə və təzyiqlərdən azad olaraq, qonşuları ilə harmoniyada öz gələcək yollarını müəyyən etməyə təşviq edəcək. Bu, həm onların suverenliyi, təhlükəsizliyi, həm də regional sabitlik üçün əsasdır.
“NATO Bakı və İrəvan arasında etimadın gücləndirilməsində rol oynaya bilər”
- İkinci Qarabağ müharibəsindən sonra regionda yeni dinamika yaranıb. Ermənistanla Azərbaycan arasında normallaşma prosesinə start verilib. Prosesdə enişlər və yoxuşlar var, lakin proses hələ də davam edir. NATO da artıq bu istiqamətdə öz dəstəyini ifadə edib. Alyans prosesin sürətlənməsinə necə töhfə verə bilər? Bunun üçün təklif oluna biləcək hər hansı bir mexanizm varmı?
- Həqiqətən, normallaşma prosesinə kömək edən bütün konstruktiv səyləri alqışlayıram. Həmçinin bu baxımdan Avropa İttifaqının (Aİ) oynadığı mərkəzi rolu da alqışlayıram. İnanıram ki, NATO hər iki paytaxt arasında siyasi dialoq vasitəsilə etimadın gücləndirilməsində dəstəkləyici rol oynaya bilər. Lakin bizim birbaşa müzakirələrdə konkret mexanizm və ya rəsmi rolumuz yoxdur. Onu da əlavə etmək istəyirəm ki, normallaşma prosesini irəli aparmağa yönəlmiş bütün diplomatik səyləri dəstəkləməyə davam edəcəyik.
“Rusiyanın Ukraynaya daha çox ölüm gətirmək üçün İran dronlarından istifadə etməsi qəbuledilməzdir”
- Regiondan danışarkən İranla bağlı sual ünvanlamaq istərdim. Son günlərdə İran Rusiyaya verdiyi kamikadze dronlara və raketlərə görə tənqid olunur. NATO-nun Baş katibi Yens Stoltenberq də bunun qəbuledilməz olduğunu bildirib. Lakin İranın xarici işlər naziri bu məlumatları təkzib edib...
- Biz bilirik ki, Rusiyanın silah-sursatı tükənir. Elə buna görə də onlar daha çox silah əldə etmək üçün məsələn, İrana müraciət ediblər. Beləliklə, Rusiya Ukraynaya daha çox ölüm gətirmək üçün İran istehsalı olan dronlardan istifadə edir. Bu, qəbuledilməzdir. Heç bir ölkə Rusiyaya amansız və qeyri-qanuni işğalçılıq müharibəsini davam etdirməyə kömək etməməlidir. Biz İranı Rusiyanın müharibəsinə verdiyi bütün dəstəyini dərhal dayandırmağa çağırırıq.
“NATO-ya üzvlük prosesində heç bir üçüncü tərəf söz sahibi deyil”

- NATO-nun “açıq qapı” siyasətini dəstəklədiyi həmişə vurğulanır. Bildiyimiz kimi, 2008-ci ildən həm Ukrayna, həm də Gürcüstan NATO-ya qoşulmağa hazır olduğunu bəyan edib. Lakin, belə bir fikir var ki, NATO yalnız üzvlük şərtlərinə görə deyil, həm də “Rusiya faktoru”na görə bu məsələdə həvəs nümayiş etdirmir.
- İyunda Madriddə keçirilən zirvə toplantısında qəbul edilmiş NATO-nun Strateji Konsepsiyasının aydın şəkildə ifadə etdiyi kimi, alyansın genişlənməsi tarixi uğurdur. Son 5 ildə Monteneqro və Şimali Makedoniya NATO-ya üzv olub, Finlandiya və İsveç isə üzvlük prosesindədir. Genişlənmə milyonlarla avropalının təhlükəsizliyini təmin edib, sülhə, sabitliyə və rifaha töhfə verib. Bizim qapımız alyansın dəyərlərini bölüşən, üzvlük məsuliyyətlərini və öhdəliklərini öz üzərinə götürmək istəyən və bunun öhdəsindən gələn, üzvlüyü ilə ümumi təhlükəsizliyimizə töhfə verən bütün Avropa demokratiyaları üçün açıqdır. Üzvlüklə bağlı qərarlar NATO müttəfiqləri tərəfindən qəbul edilir və bu prosesdə heç bir üçüncü tərəf söz sahibi deyil.
“NATO Gürcüstan və Ukraynanın üzvlüyü ilə bağlı Buxarest sammitinin qərarına sadiqdir”
- Sentyabrda Ukrayna prezidenti Vladimir Zelenski NATO-ya sürətli üzvlük prosesi ilə bağlı sürpriz sənəd imzaladı və müraciət etdi. Bu məsələ ilə bağlı hər hansı irəliləyiş varmı?
- NATO müttəfiqləri “açıq qapı” siyasətinə sadiq qalırlar. Ukraynanın NATO-ya üzvlük istəyi yeni deyil. NATO-nun Strateji Konsepsiyasında da qeyd olunduğu kimi, müttəfiqlər həm Gürcüstan, həm də Ukraynaya üzvlük perspektivi verən Buxarest sammitinin qərarına sadiq qalırlar. Ən təcili və təxirəsalınmaz vəzifəmiz Avropada suveren, müstəqil və demokratik dövlət kimi qələbə qazanması üçün Ukraynaya dəstəyimizi davam etdirməkdir. Müttəfiqlər Ukraynaya misli görünməmiş dəstək verir və biz bunu daha da gücləndirmək qərarına gəlmişik. Təkcə təcili (hərbi) yardımla deyil, həm də Ukraynaya sovet dövrünün hərbi standartlarından NATO standartlarına və doktrinasına keçid üçün uyğun avadanlıq veririk və təlim keçməklə buna yardım edirik.
“NATO Ukraynanın Rusiyaya qalib gəlməsi üçün dəstəyini davam etdirəcək”
- Ukrayna Silahlı Qüvvələrinin döyüş meydanında əldə etdiyi mühüm uğurları nəzərə alsaq, ərazilərini azad etməsi üçün Kiyevə yardımın artacağını gözləmək olarmı?
- Ukrayna Silahlı Qüvvələrinin döyüş meydanındakı uğurları həqiqətən də diqqətəlayiqdir. Bu uğurlar Ukrayna əsgərlərinin şücaət və cəsarətinin nəticəsidir. Bu uğurlar həm də onu göstərir ki, NATO müttəfiqlərinin uzun illərdir Ukraynaya verdiyi dəstək öz təsirini göstərib. Biz xatırlamalıyıq ki, müharibə fevralın 24-də başlamayıb. O, 2014-cü ildə Rusiyanın Krımı qeyri-qanuni ilhaqı ilə başlayıb. O vaxtdan bəri NATO və müttəfiqləri yüz minlərlə Ukrayna hərbçisinə təlim keçib. Beləliklə, Rusiya bu il tam miqyaslı işğala başlayanda Ukrayna Silahlı Qüvvələri artıq daha böyük idi, daha yaxşı liderliyə malik idi, daha yaxşı təlim keçmiş və daha yaxşı təchiz olunmuşdu.
NATO nazirləri bu yaxınlarda həm Ukraynanın müdafiə naziri Aleksey Reznikov, həm də xarici işlər naziri Dmitro Kuleba ilə Ukraynanın yaxın və uzunmüddətli ehtiyaclarını müzakirə etmək üçün görüşdülər. Ukrayna Rusiyanın təcavüzünə qarşı öz suverenliyi və ərazi bütövlüyünü müdafiə etməyə davam etdiyi üçün biz Kiyevə dəstəyimizi davam etdirməyə və gücləndirməyə sadiqik, lazım olduğu qədər dəstəyimizi davam etdirəcəyik. Bu, nəticə etibarilə Ukraynanın suveren və müstəqil dövlət kimi qalib gəlməsinə, ədalətli və davamlı sülhə nail olmasına kömək edəcək.