Kibertəhlükəsizlik sahəsində qarşıya qoyulan məqsədlərə nail olmaq üçün elmi potensialın və akademik dəstəyin gücləndirilməsi vacibdir.
“APA-Economics” xəbər verir ki, bu barədə İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev Bakıda keçirilən “IV Milli Kibertəhlükəsizlik Forumu”nda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, kibertəhlükəsizlik sahəsində mövcud problemlərin həlli yalnız inzibati, maliyyə və texniki resurslarla məhdudlaşmır: "Bu istiqamətdə elmi araşdırmaların, innovativ yanaşmaların və yeni texnologiyaların tətbiqi xüsusi əhəmiyyət daşıyır. Kibertəhlükəsizlik sahəsində elmi potensialın səfərbər olunması, müvafiq tədqiqatların aparılması və yeni həllərin hazırlanması milli təhlükəsizliyin vacib elementlərindən biridir. Bu prosesdə maarifləndirmə və təbliğat tədbirləri də mühüm rol oynayır və cəmiyyətin müxtəlif təbəqələrinin kibertəhlükəsizlik məsələləri barədə məlumatlandırılması rəqəmsal mühitdə təhlükəsiz davranış mədəniyyətinin formalaşmasına töhfə verir. - o qeyd edib.