Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı aqrar dəyər zəncirinin bütün mərhələlərini əhatə edəcək.
"APA-Economics" xəbər verir ki, bunu kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə Prezident İlham Əliyevin verdiyi tapşırıqların icrası və Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramındən irəli gələn məsələlərə həsr olunmuş mətbuat konfransında kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev deyib.
Onun sözlərinə görə, sənəd Prezident İlham Əliyevin tapşırıqlarına uyğun hazırlanıb və aqrar sahənin inkişafını müəyyən edən əsas strateji sənədlərdən biridir.
Nazir müavini bildirib ki, proqram yalnız məhsul istehsalını deyil, eyni zamanda emal, logistika, saxlama imkanları və dəyər zəncirinin digər həlqələrini də əhatə edir.
Zaur Əliyev qeyd edib ki, proqram çərçivəsində kənd yerlərində məşğulluğun artırılması, əhalinin gəlirlərinin yüksəldilməsi və aqrar istehsalın səmərəliliyinin gücləndirilməsi nəzərdə tutulur.
Onun sözlərinə görə, dövlət proqramının hazırlanmasını zəruri edən amillər sırasında dünya əhalisinin artması fonunda ərzaq məhsullarına tələbatın yüksəlməsi, iqlim dəyişiklikləri, eləcə də qlobal bazarlarda müşahidə olunan qeyri-sabitlik yer alır.
Nazir müavini əlavə edib ki, son 10 ildə Azərbaycanda həm bitkiçilik, həm də heyvandarlıq sahələrində davamlı artım dinamikası müşahidə olunub.