Azərbaycanda aqrar və qida məhsullarının ixracının 2030-cu ilədək 2 milyard dollara çatdırılması nəzərdə tutulur.
"APA-Economics" xəbər verir ki, bunu kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə Prezident İlham Əliyevin verdiyi tapşırıqların icrası və Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramındən irəli gələn məsələlərə həsr olunmuş mətbuat konfransında kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev deyib.
Onun sözlərinə görə, hazırda aqrar və qida məhsullarının ixracı təxminən 1,5 milyard dollar təşkil edir.
Nazir müavini bildirib ki, 2026–2030-cu illər üzrə Dövlət Proqramının əsas hədəflərindən biri kənd təsərrüfatında illik ümumi daxili məhsul artımının ən azı 2% və ya daha yüksək səviyyədə təmin edilməsidir.
Zaur Əliyev qeyd edib ki, proqram çərçivəsində aqrar və qida məhsullarının ixracında illik 6%-dən çox artıma nail olunması da nəzərdə tutulur.
Onun sözlərinə görə, ixracın artırılması yalnız həcm və dəyər baxımından deyil, həm də ixrac coğrafiyasının şaxələndirilməsi hesabına təmin ediləcək.
Nazir müavini əlavə edib ki, Dövlət Proqramında istehsal, məhsulların saxlanması, emal güclərinin artırılması, satış imkanlarının genişləndirilməsi, eləcə də sektoru dəstəkləyən hüquqi və institusional islahatlar üzrə tədbirlər nəzərdə tutulub.