Bank Of Baku

Rəssam Sakit Məmmədov: “Rəssamlar İttifaqının sədri olmaq istəsəydim, buna heç kim mane ola bilməzdi” - FOTOSESSİYA

Rəssam Sakit Məmmədov: “Rəssamlar İttifaqının sədri olmaq istəsəydim, buna heç kim mane ola bilməzdi” - <font color=red>FOTOSESSİYA</font>
# 19 fevral 2010 11:07 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanda əsərləri ən baha qiymətə satılan, dünyanın ən tanınmış auksionlarında 50-500 min manat arasında satışa çıxarılan, dünyanın ən məşhur muzeylərində əsərləri saxlanılan, əsərləri bir çox dövlət rəhbərlərinin evini, məşhur kolleksiyaları bəzəyən YUNESKO Rəssamlar Birliyinin üzvü Sakit Məmmədov APA-ya eksklüziv müsahibə verib. Bizi dünyanın bir çox tanınmış simalarını heyran salan dördmərtəbəli şəxsi muzeyində qarşılayan rəssam ilk öncə muzeyində sərgilədiyi əsərləri barədəməlumat verib. Qeyd edək ki, dünya şöhrətli cazmeni Vaqif Mustafazadənin ağ royalı məhz bu muzeydə saxlanır. Sakit Məmmədov bu royalı 3500 ABŞ dollarına alıb.

- Şəxsi muzey yaratmaq üçün nə qədər zaman tələb olunur?
- Mən yaradıcılığıma 17 kvadratmetrlik bir otaqdan başlamışam. Həmin vaxtlarda gözləyirdim ki, uşaqlar yatsın və sonra yaradıcılıqla məşğul olum. Sonradan yavaş-yavaş bu səviyyəyə gəlib çıxdım. Əvvəla, rəssamda arzu olmalıdır. “Niyyətin hara, mənzilin ora” deyib atalarımız, bu da mənim niyyətim olub. Əsərlərim satıldıqca yığdığım pula bu evi aldım və yavaş-yavaş bu arzumu gerçəkləşdirdim. 52 yaşım var, ömrüm boyu bunu arzulamışam ki, bir yerim olsun və orada daimi olaraq əsərlərim asıldın. Bu gün mənim Bakıda fərdi sərgi keçirməyimə ehtiyacım yoxdur. Əsərlərimi görmək istəyən bu muzeyə gəlir. Bu muzeydə dünyanın bir çox ölkələrindən ölkəmizə təşrif buyuran qonaqlar, tanınmış simalar olublar.

- Dünyanın bir çox ölkələrində silsilə şəkildə sərgiləriniz təşkil olunur. Bu sərgilərin bütün xərcini özünüz çəkirsiniz?
- Bəli, bütün sərgilərimi özüm təşkil edirəm. Bəzən isə bu iş təşkilatçılar tərəfindən həyata keçirilir. Onlar təşkilatçılığa görə gəlirdən müəyyən faiz götürürlər, bu, danışıqdan asılıdır. Amma bu işi Rəssamlar İttifaqı edə bilməz. Real olaraq bu, mümkün olan şey deyil. Amma Avropada kollektiv sərgilər az olur. Məsələn, ən çox halda üç rəssamım bir yerdə sərgisi açılır, daha bizdəki kimi 30-40 rəssamın əsərini bir yerə yığaraq sərgi təşkil etmirlər. Janr baxımından bir-birinə yaxın olan rəssamların sərgiləri birgə təşkil edilir.

- Əsasən portret janrında əsərləriniz diqqət çəkir. Bu portretlərin hamısını naturadan çəkirsiniz?
- Naturadan çəkdiklərim də var, kompozisyon olanlar da. Diananın, Süleyman Dəmirəlin, Dünya Güləş Federasiyasının prezidenti Rafaello Martinettinin və çoxlarının portretini çəkmişəm. Heydər Əliyevin portretini yaratmışam, ancaq bu portreti onun vəfatından sonra çəkdim. Hazırda o əsər Heydər Əliyev Muzeyində asılıb. Əslində portret fotodan yox, naturadan olsa, daha gözəl nəticə əldə olunur. Dünyanın hər yerində keçirilən auksionlarda iştirak etmişəm. Auksiona çıxarılan əsərlərə təkliflər gəlir. Orada qiymətlər təxmini götürülür. Bizdə isə auksionlar yoxdur. Əgər Azərbaycanda auksionlar olsaydı, xarici ölkələrdən antik, qədim və maraqlı işlər auksiona çıxarılar və nəticədə Azərbaycanda qalacardı. Bu da Azərbaycanın zənginləşməsinə xidmət edəcəkdi. Türkiyədə də çox yüksək səviyyəli auksionlar təşkil edilir.

- Məhz auksionların olmamasının nəticəsidir ki, Azərbaycan incəsənət əsərlərinin alınmasında da, satılmasında da uduzur?
- Bəli tamamilə doğrudur. Bu işi tənzimləmək lazımdır. Rəssamın qiymətini auksion təyin edir. Mən auksionda ilk əsərlərimi 4000-5000 dollara satırdım, amma qiyməti mən qoymurdum. Mən necə qiymət qoya bilərdim. Axı məni tanımırdılar. Auksionda əsərimi 5000 dollara satanda artıq bilirdim ki, əsərlərimi rahatlıqla 3000 dollara sata bilərəm. Ona görə də rəssamın qiymətini auksion təyin edir. Sənət əsərləri kasıb insanlar üçün deyil, həm daxili, həm də maddi baxımından zəngin insanlar üçündür. Ola bilsin ki, elə zəngin insanlar var ki, bu yaradıcılığı anlamırlar. Türkiyədə belə hallara rast gəlmişəm, pulu var, eşidir ki, bu rəssamın əsəri bu qiymətədir, alır. Amma daxili zəngin elə insanlar var ki, onların pulu yoxdur. Bəs o necə olsun? Elə insanlara əsərlərimi təmənnasız olaraq, özü də məmnuniyyətlə verirəm. Hansı ki, onun bircə cümləsi mənim bütün yaradıcılığıma bəs edir. Amma rəsm əsəri hər kəsə də hədiyyə edilə bilməz, çünki rəssam ömrü boyu 150-200 əsər işləyə bilər. Onları da qohuma-qonşuya paylasan necə olar? Mənim burada saxladığım əsərlər sırf ailəm üçün deyil. Dünyada elə muzeylər var ki, əsərimi almaq istəyiblər, ancaq mən hədiyyə etmişəm. Məsələn, Şanxay Muzeyi mənim 11 əsərimi almaq istədi, satmadım. Qiymətdə razılaşmadım. Çünki Sinqapurda sərgi keçirilən zaman mənimlə eyni yaşda olan rəssamın əsəri 9 milyon avroya satıldı. Bu əsəri elə çinlilər özü aldı. Ancaq məndən 10 min dollara alınan bir əsərim sərgidə 250 min avroya satıldı. Mənə qalan elə bu 10 min dollar idi. 250 min avro başqasının cibinə getdi, ancaq ad mənim oldu. Bu satışdan kimin qazandığı rəssamı maraqlandırmır. Mənim türkiyəli vətəndaş tərəfindən alınmış bir əsərim “Luvr Antik Palace”da satışa çıxarıldı. Mən bəlkə də heç zaman ora gedib çıxa bilməzdim, amma əsərim ora çıxdı və yüksək qiymətə satıldı.

- Tələbələriniz varmı və onlara nəyi tədris edirsiniz?
- Bəli, 10 tələbəm var. Rəssamlıq öyrədilmir, öyrənilir. Mən öz tələbələrimə rəssamlığı öyrənməyi öyrədirəm. Milyardlarla rənglər var, onları necə öyrətmək olar? Mən nə bilim, o necə görür, necə sevir? Əsər özü yaranır. Məsələn valideyn övladının varlığını daha gec bilir. Halbuki bu proses ana bətnində baş verir. Bu, bir oyundur, İlahinin qüvvəsidir. Rəsm əsəri də belədir. Yəni, oturub qarşıma məqsəd qoyum ki, bu gün dahi bir əsər yaradacağam, bu, mümkün deyil. Üç övladım var, oğlanlarım Nizar və Cəsar da mənim yolumu davam etdirir. Hər bir tələbəmin dünya miqyasına çıxacağına və tanınmış rəssam olacağına inanıram.

- Azərbaycan Rəssamlıq Akademiyasında dərs demək fikriniz yoxdur?
- Azərbaycan Rəssamlıq Akademiyasında dərs demək, hətta orada yüksək vəzifə təklif olunub, ancaq razılıq verməmişəm. Mən vəzifə adamı deyiləm. Təhsillə bağlı bir şeyə də toxunmaq istəyirəm. Bu gün akademiyaya qəbul olan tələbələrin hər birindən ingilis dil bilgisi tələb olunur. Başa düşmürəm, ingilis dilini bilmək nə vacib şey olub? Mən ingilis dilini bilmirəm, heç bilmək də istəmirəm. Rəssamın ilk öncə istedadı olmalıdır, ingilis dilini bilib-bilməməsi isə vacib deyil. İngilis dilini bilən tələbə gedib yüksək bal toplayıb təqaüd alır, halbuki primitiv rəssamdır. Ancaq gecə-gündüz özünü bu sənətə həsr edən gənc aşağı balla ödənişli təhsil almaq məcburiyyətində qalır. Mən övladımı xaricə tərcüməçi ilə göndərərəm, təki övladım dünya miqyaslı rəssam olsun. ncəsənət tarixini bilməyənin gözünü çıxarmalısan ki, dünya incəsənətindən xəbəri olmalıdır, daha dünya dilindən yox. Əslində Rəssamlıq Akademiyasında, Dövlət Mədəniyyət və İncəsənət Universitetinə, Bakı Musiqi Akademiyasına və Milli Musiqi Konservatoriyasına test üsulu ilə qəbulun əleyhinəyəm.

- Əsərləriniz dünyanın hansı muzeylərində saxlanılır?
- Vatikan Muzeyindən belə əsərim var. Çox muzeylərdə əsərlərim var. Hətta çoxları özüm bilməyə-bilməyə gedib muzeyə düşüb. Onu müəyyən muzey gəlib Opera Qalereyasından alıb. Mayamidə, Tokioda, da demək olar ki, hər yerdə sərgilərim olub.

- Azərbaycanda əsərləri ən bahalı satışa çıxarılan rəssam sayılırsınız...
- İnsan ilk növbədə özü-özünə hörmət qoymalıdır. Amma bəzən deyirlər ki, filankəs yaxşı rəssamdır, amma əsərləri alınmır. Yaxşı əsər niyə alınmasın? Deməli o rəssamın əsəri heç kimə lazım deyil. Deyirlər insana öləndən sonra qiymət verirlər. Belə şey yoxdur. Sağlığında bütün rəssamlar öz qiymətini alır. Salvador Dali, Pikasso, Eduard Manel hər biri sağlığında qiymətlərini aldılar. Sovet dövründə belə bir şey var idi ki, rəssam bir “afərin” sözünə görə yaşamalıdır. Onlara həmçinin fəxri adlar və medallar verilirdi. Yəni rəssam sağlığında öz nailiyyətini görməlidir. Azərbaycanda çox istedadlı rəssamlar var, sadəcə olaraq onlar özlərini ucuz satırlar. Yəni rəssam aparıb mebel salonunda iş satar? Təbii ki, o zaman onu qiyməti aşağı olacaq. Gedin çərçivə sexinə, baxın görün orada nə qədər əsərləri asıb satırlar. Axı bu rəssamlara deyən lazımdır ki, çərçivə sexində də əsər asarlar?

- Sakit müəllim, nəzərə alın ki, Sizin şəxsi muzeyiniz var, axı bu rəssamların o cür imkanları yoxdur...
- Mən də Rəssamlar İttifaqının üzvüyəm və o rəssamlardan biriyəm. Mən kasıbçılıqla yaşayırdım. İşsiz idim, ancaq işimi o cür yerlərdə satışa çıxarmırdım. Can atırdım ki, əsərlərimi ən yüksək yerlərdə satışa çıxarım. Mən nəyə görə mebel sexində iş asmalıyam və yaxud əsərimi küçədə satmalıyam. Parisdə küçə rəssamları var və həmin rəssamlar arasında bir peşəkar rəssama rast gəlmək mümkün deyil. Yəni başqa bir işlə məşğul ol, amma belə bir ucuz yola əl atma. Bizim rəssamların əksəriyyəti yaxşı yaşayır. Sadəcə olaraq oyun oynayırlar, rol oynayırlar. Siz pis yaşayan rəssam tanıyırsınızsa, birinin adını çəkin...

- Məsələn Ənvər Qarayev...
- Ənvər Qarayev pis yaşayır? Əgər pis yaşayırsa, onun əsərinin qiyməti niyə 20 mindir? Ənvər Qarayev istedadlı rəssamdır. O Rəssamlar İttifaqının şaxələrindən biri, qurumun katibidir. Bu adam özü pis yaşayırsa, deməli özü işini düz qura bilməyib. Yəni günahı onun özündə axtarmaq lazımdır, başqa yerdə yox. Məgər Rusiya rəssamlarını Rusiya Rəssamlar İttifaqı yaşadır? Və yaxud da Alim Qasımovu hansısa birlik saxlayır?

- Amma ilkin mərhələdə insana təkan lazımdır...
- 60-70 yaşında kişiyə dəstək lazım deyil, dəstək cavanlara lazımdır. 70 yaşında rəssam o yaşa qədər rəssam ola bilməyibsə, ona nə dəstək? Onu lap vurub qoltuğuma aparım, ondan nə rəssam olacaq? Mən onlar üçün əlimdən gələni eləmişəm. Öz hesabıma rəssamlarımızın əsərlərini xaricə göndərmişəm, köməklik etmişəm. Almırlar da, onların əsərlərinə ehtiyac yoxdur. Bunların primitiv əsərləri kimə lazımdır? Yaxşı rəssamlar var, sadəcə pisi zorla qaldırırlar, amma yaxşını batırmağa çalışırlar. İstedadı olmayan peşəkarlar var ki, ortada dolaşırlar. Mən heç ildə bir dəfə Rəssamlar İttifaqına getmirəm. Ancaq Siz gedin, orada həmişə eyni adamları görəcəksiniz. Elə hey eyni rəssamlar qapının arxasında boynunu büküb gözləyirlər. Ay bala, gedin işləyin də. Amma müəyyən şeylər var ki, deyəndə portreti, mənzərəni bəyənmir. Rəssam adi bir uşağın və ya qızılgülün şəklini çəkib pul qazana bilər. Rəssamın acından ölməsi mümkün olan bir şey deyil. Mənim anlayışımda belə bir şey yoxdur. Mənim tələbələrim var ki, ayda 3-5 minə iş satıb ailələrini dolandırırlar. Yəni mən onlara bu qüruru öyrədirəm. Öyrətmişəm ki, hər yerdə və aşağı qiymətə əsər satmaq olmaz. Mənim bir anlayışım var ki, insan hər şeyə özü nail olmalıdır. Ən azı 10 tələbəm var, yəni onların hər birinə köməklik göstərirəm. Heç bir tələbəm deyə bilməz ki, öyrətmək üçün onlardan bir quruş pul almışam. Hətta kətan, rəng belə almağa icazə vermirəm, hər şeyi özüm edirəm. Mənim belə bir qanunum var. 10 tələbəmin hər biri mənim hesabıma öyrənməlidir. Dəstək daha necə olur? Bir xalq üçün elə 10 yaxşı rəssamın olması kifayətdir.

Bu gün Rəssamlıq Akademiyasında təhsil alan tələbələr arasında ən istedadlıları mənim tələbələrimdir. Onlar üçün elə atmosfer yaratmışam ki, beynəlxalq sərgilərdə də iştirak edirlər. Koreyadan tutmuş Amerikaya kimi onların əsərlərini göndərmişəm və əsərləri satılıb da. Mənim nəslimdə indi hamı rəssam olmaq istəyir, çünki nümunə var. Amma rəssamlar tanıyıram ki, övladı deyir ki, atamın gününü görürəm də. Və içində istedad yata-yata rəssam olmaqdan imtina edir. Rəssamlıqda gec-tez yoxdur və bu sənət yaş tanımır. Mənim beynimə yerləşmir ki, rəssam necə acından ölə bilər. Bunu da rəssamın özü edir. Bir müddət əvvəl Brüsseldən azərbaycanlı rəssamların rəsm əsərlərini almağa gəlmişdilər. Məndən bir dənə əsər aldılar, bir rəssamımızdan isə beş əsər aldılar. Çox sevindim, sonra məndən soruşdu ki, necə əsər aldılar, dedim bir. Dedim bəs səndən necə əsər alıblar? Dedi ki beş. Bu beş əsər üçün qiymət deyə bilməyib, elə deyib ki, dörd təkərin pulunu versəniz bəsdir. Deməli, bu rəssamın beyni belədir və əsərinin qiyməti dörd təkərin puludur. Bunu necə demək olar? Əlbəttə düşüncəsi belə olan rəssam acından ölər. Burada bir məqam da var, məsələn o rəssamı sevməyən, düşmənimiz 500-1000 manata satılan rəsm əsərlərinin hamısını alar və onun külliyyatını bilərəkdən məhv edər. Elə edər ki, heç belə bir rəssam olmayıb. Türkiyədə r bu vəziyyətə düşən o qədər rəssam olub ki.

- Bu zaman ərzində satışa çıxardığınız ən bahalı əsər hansı olub?
- Ən bahalı əsərim “Aida” olub. Moskvada çox tanınmış tənqidçi Bojeno bir-iki əsərimi göstərib dedi ki, vaxt gələcək, bu əsərlərin qiyməti olmayacaq. Mən o zaman soruşdum ki, “sizcə bu əsərin dəyəri nə qədər olar?” O da bildirdi ki, “500 min”. Ondan sonra gördüm ki, hamı bir-bir əsəri almaq üçün yaxınlaşır. 250 min avroya satılan əsərim olub. Mənim çəkdiyim Roma papasının portreti Vatikan Dövlət Muzeyindədir. Hamı da bilir ki, o əsər azərbaycanlı rəssama məxsusdur. O portretdə iki element eləmişdim - birincisi, masanın üzərində dörd müqəddəs kitab və ən yuxarıda Müqəddəs Qurani-Kərimi qoymuşdum, ikincisi isə ayağının altında Qarabağ xalçasını çəkmişdim. Vatikan Muzeyində Qarabağ xalçası...

- Maraqlıdır əsərləri çox baha qiymətə satılan rəssamımızın kolleksiyasında başqa bir rəssamın əsəri varmı və onu neçəyə alıb? Siz özünüz hər hansı bir əsəri 50-60 minə alarsınız?
- Bəli, kolleksiyamda Repinin əsəri var və o əsəri 500 dollara almışam. Pulum olsa, əlbəttə dünyanın ən yaxşı rəsm əsərlərini alıb Azərbaycana gətirərəm. Bu əsərlərə 50 min də, 100 min də verərəm.

- Eşitmişik ki, Monika Belluççi də Sizdən onun naturadan portretini çəkməyinizi istəyib...
- Doğru eşitmisiniz. Əslində bu, hələ reallaşmayıb, amma artıq razılaşma var. Bu təklif isə Monika Belluççinin özü tərəfindən gəlib. Portreti çəkəndən sonra onu mütləq sizə göstərəcəyəm.

- Azərbaycanda rəsm əsərlərinə marağı necə qiymətləndirirsiniz? Deyilənlərə görə, maraq dünya ölkələrindəki kimi yüksək səviyyədə deyil.
- Qətiyyən belə deyil. Azərbaycanda da rəsm əsərlərinə çox böyük maraq var. Hətta bir şeyi deyim ki, Azərbaycanda rəsm əsərlərini dəyərləndirə bilməsələr də, böyük hörmətlə yanaşırlar. Çox maraqlıdır, mən o hörməti görmüşəm. Avropada isə elə şey yoxdur. Həqiqətən də biz çox istedadlı millətik. Deyirlər, kasıbçılıqla böyüyən uşaq hər şeyin qədrini bilir, ancaq dövlətli böyüyən buna önəm vermir. Biz dövlətli adamlara oxşayırıq, o qədər istedadlılarımız var ki, qədrini bilmirik. Sadəcə əsas tələb olunan vacib şey bu işi tənzimlənməkdir. Auksionların təşkili, beynəlxalq arenaya çıxış və s. Azərbaycan rəssamlığına muğama olan qayğı lazımdır. Yoxsa bu problem rəssamın cibinə pulu qoymaqla həll olunmamalıdır.

- Dünyada şəxsi muzeyi olan çox az rəssamlardan birisiniz. Bundan sonra başqa nə yaratmaq fikriniz var?
- Əslində Yetim İstedadlar Cəmiyyəti yaratmaq istəyirəm. O cəmiyyətdə bütün istedadlı gəncləri toplamaq istəyirəm. Mən heç zaman imkanlı tələbə götürmürəm, imkanlı tələbə onsuz da özünə bir yol tapıb üzə çıxacaq. Əsərlərim satıldıqca, bu ideyamı da gerçəkləşdirəcəyəm.

- Kolleksiyanızda milyonlarla dollara belə satmayacağınız əsər varmı?
- Əlbəttə, var. O əsərlərə çoxlu pul belə təklif ediblər, amma satmamışam. Günlərin bir günü telefonla belə zəng edib, həmin əsərləri satdığımı desəm, hamısı satılar. Çox maraqlı bir şeydir. Alıcı kateqoriyasına gəlincə, əlbəttə, əsərimi satmazdan əvvəl alıcılara mütləq baxıram. Bilirsiniz, rəsm əsərləri qız övladına bənzəyir. Qız övladlarının taleyi valideyni maraqlandıran kimi, bu əsərlərin də taleyi mənim elə maraqlandırır. Əsərləri çəkəndə fikirləşirəm ki, görəsən bu kimin evinə gedəcək, haradan asılacaq, hava şəraiti necə olacaq? Bəlkə elə tozun-torpağın içində atılıb qalacaq? Alıcı ağzını açan kimi bilirəm ki, o necə adamdır və o cür adama dünyasında iş satmaram.

- Azərbaycan Rəssamlar İttifaqının üzvü olan bir rəssam kimi ittifaqın fəaliyyətindən razısınız?
- Qətiyyən razı deyiləm. Bu ittifaqın fəaliyyəti var ki, razı da olam? Gərək hərəkəti olan şeydən razı olasan. Ümumiyyətlə belə ittifaqın olmamağı, olmağından daha yaxşıdır. 1500 üzvü olan Rəssamlar İttifaqı nəyə və kimə lazımdır? Abstrakt rəssamla, yolla keçən primitiv rəssamı bir ittifaqda ola bilməz axı. Şəxsən bu mənə çatmır. Artıq dünyanın bir çox ölkələrində bu cür ittifaqlar yoxdur. Hər şəhərdə bir ittifaq var, müəyyən rəssamlar var ki, onlar yığışıb bir şəhərdə ittifaq yaradırlar. Bu ittifaqa 20 ilə yaxındır ki, eyni adam sədrlik edir. Yaponlarda belə bir şey var, bir adamı beş ildən artıq bir vəzifədə saxlamırlar və bu müddət bitəndən sonra onu başqa yerə göndərirlər. Axı 20 il eyni insanın sədrlik etməsi ilə yenilik və irəliləyiş ola bilməz. Mən Rəssamlar İttifaqına 30 yaşında gənc bir insan gətirib qoyardım. Ora sədrlik etmək üçün böyük rəssam olmağa ehtiyac yoxdur. Sadəcə fəaliyyəti aktiv bir rəssam lazımdır ki, bütün dünyanı gəzsin, əlaqələr yaratsın.

- İttifaqın fəaliyyətsizliyinin günahı kimdədir?
- Fikrimcə, günah elə rəssamların özündədir. Tam açıq şəkiləd deyirəm, bu gün Rəssamlar İttifaqına nə köməklik lazım olduğunu desəm, edərlər. Real bir şey deyim - ola bilər ki, məndən xoşları gəlmir, amma mən istədiyim hər şeyi edə bilərəm. Amma başqalarına mən cavabdeh deyiləm. Bir rəssam nə qədər fərdi sərgi açar? Almırlar da, bunu başa düşmək çətindir? Divarı nə qədər məşğul etmək olar. Heç bir əsər bir ay divarda asılı qalıb alıcı gözləyər? Yəni mən də demək istəyirəm ki, Rəssamlar İttifaqı Sovetlər Birliyində qaldı, indi fəaliyyət göstərə bilmir. Sadəcə olaraq, arayış verməklə məşğuldur. Dövlət büdcəsindən il ərzində Rəssamlar İttifaqının fəaliyyəti üçün müəyyən qədər pul ayrılır. Ancaq bu vəsait 1500 rəssamın hansına dərdinə çatsın? Şəxsən mən bir şeyin tərəfdarıyam, mən o 1500 rəssamı ixtisara salardım. Axı, bu insan fəaliyyətsizdir, onun bu ittifaqda olmasının nə əhəmiyyəti var? Mənim üçün Rəssamlar İttifaqının üzvü olub-olmamaq heç bir əhəmiyyət daşımır, bu heç yadıma da düşmür. Mən YUNESKO Rəssamlar Birliyinin üzvüyəm. Özüm bu gün ittifaq yaratmağa qadirəm. Bu gün tələbələrim özü elə bir ittifaqdır da. Əgər bunu yaratmışamsa, deməli, mənim artıq ittifaqım var. Hər bir rəssam, eyni zamanda öz məktəbini də yaratmalıdır. Bu vaxta kimi mən bir dəfə də olsun ittifaqa sədr seçkilərində iştirak etməmişəm. Heç kimi seçdikləri ilə maraqlanmıram da.

- Hər halda bu üzvləri də ittifaqa rəhbərlik özü qəbul edir.
- İttifaqda sədr var, katib var. Rəssamlar var ki, tamamilə qeyri-bir rəssamın əsərləri ilə gəlib ittifaqa üzv olurlar. Gəlib qəbul olurlar, elə o cür də qalırlar. Bax, indi özünüz deyin, məgər bütün bunlar anormallıq deyil? Əlbəttə, anormallıqdır. Qeyri-peşəkar, illərlə rəssamlıqla məşğul olmayan rəssam da oranın üzvüdür və tələbini irəli sürür, uzun illər gecə-gündüz rəssamlıq eşqi ilə yanan da... Rəssamlar tanıyıram ki, onlar yaradıcılıqları ilə nələr edə bilərlər, ancaq oturub gözləyirlər ki, ittifaq bunlar üçün nə edəcək. Məni valideynim rəssamlıq dərnəyinə göndərirdi, oradan isə musiqi dərnəyinə də gedirdim. İndi paralel olaraq musiqini də az-çox bilirəm. O vaxtlar valideynlərimdən xəbərsiz gedib toyda gitara çalıb pul qazanırdım. Rəssamlar hər ayın sonunu gözləyirlər ki, ittifaqdan təqaüd alacaqlar. Mənə o təqaüd lazım deyil.

- Siz üzvlük təqaüdünüzü almırsınız?
- Axı, mənim təqaüdə ehtiyacım yoxdur. Heç mənə fəxri adıma görə nə qədər təqaüd verildiyindən də xəbərsizəm. Çünki heç vaxt almamışam. Hətta mənim uşaqlarım balaca olanda onların uşaq pullarını da almağa getməmişəm, utanmışam gedib orada dayanmağa. Bu gün Rəssamlar İttifaqı rəssamlarla ayaqlaşa bilmir. Çünki indi kapitalizm dövrüdür, dünya dəyişilib, ancaq bu ittifaq eyni qalıb.

- Rəssamlar İttifaqına öz sədrliyinizi də irəli sürmək fikrində deyilsiniz?
- Sizi əmin edirəm ki, sədr olmaq istəsəm, sədr seçilməyim üçün heç bir maneə olmaz. İstədiyim an sədr ola bilərəm. Hətta çox böyük bir istək var idi ki, mən ittifaqın sədri olum. Bunu da hamı bilir. Ancaq rəssamlara dedim ki, kimi sədr görmək istəyirsinizsə, onun seçilməsi üçün mübarizə aparacağam, amma özüm seçilməyəcəyəm. Axı məndən sədr olmaz. Yəni mən elə bir ruhda adam deyiləm. Əvvəla mənim bu qurumdan acığım gəlirsə, hətta ləğvini istəyirəmsə, mən o quruma necə rəhbərlik edə bilərəm? Ola bilmərəm, mümkün deyil. Çünki mən vəzifə adamı deyiləm. Mən bu qədər təhsil almışam, bu cür yaradıram. Sadəcə heyfim gələr ki, vaxtımı kimin üçünsə imza atıb, ştamp vurmağa sərf edəm.

- Sizinlə söhbət əsnasında heç bir müsahibədə adınızın qarşısında əməkdar rəssam fəxri adının yazılmasını istəmədiyinizi bildirdiniz. Fəxri adların verilməsinin də əleyhinəsiniz?
- Bəli, əleyhinəyəm. Elə rəssamlara fəxri adlar verildiyini görürdüm ki, bunun əleyhinə çıxmağa başladım. Bu rəssamlar arasında elələri var ki, hətta illərlə əllərini boyaya, kətana belə vurmurlar. Gülməli bir şeydir ki, əsərlərin bütün dövlət muzeylərində, Vladimir Putindən tutmuş bütün dövlət rəhbərlərinin evlərində asılsın, dünyada bu qədər nailiyyət əldə edəsən, dünya bazarında qiymətin gəlib bu yerə çıxa, ancaq Azərbaycanda əməkdar rəssam olasan. Dünyada belə bir şey yoxdur. Bu gülməli bir şeydir. Nə xaricdə sərgilərim, nə də televiziyalara çıxışım zamanı mən bunu dilimə belə gətirmirəm. Özüm bundan imtina etmişəm. Ya bu ad ucdantutma hamıya verilməlidir, ya da bu proses böyük bir müsabiqə yolu ilə həyata keçirilməlidir. Bu, Rəssamlar İttifaqının öz arasında müəyyənləşdirdiyi bir addımdır. Bu yaşlaşıb, bu dostumdur, bu filankəsin adamıdır, gəlin buna ad verək. Fəxri adlar bu sistemlə verilməməlidir. Mənim üçün ən böyük fəxri ad Azərbaycan vətəndaşı olmaqdır. Bundan gözəl ad tanımıram. Xarici ölkələrdə sərgilər zamanı bəzən Azərbaycanın adını zorla da olsa dedirdirəm.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR