Bank Of Baku

Əlibaba Məmmədov: “Allahıma şükür edirəm ki, məni 80 il yaşada bilib” - MÜSAHİBƏ - FOTOSESSİYA

Əlibaba Məmmədov: “Allahıma şükür edirəm ki, məni 80 il yaşada bilib” - <font color=red>MÜSAHİBƏ - FOTOSESSİYA</font>
# 12 aprel 2010 07:29 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın xalq artisti, “İstiqlal” ordenli Əlibaba Məmmədovun 80 illik yubileyi ərəfəsində APA-ya müsahibəsi

- 80 yaşın astanasında özünüzü necə hiss edirsiniz? Yubileyinizi necə və kimlərlə qeyd etmək fikrindəsiniz?

- Çox yaxşıyam, özümü əla hiss edirəm. Yubileyimi necə qeyd edirəm deyəndə ki, mən özüm yubiley qeyd etmirəm. Əlbəttə çox sağ olsun dövlətimiz, ölkə başçımız, nazirimiz ki, özləri hər şey təşkil ediblər. Yubileyi də təşkil ediblər, dəvətnamələri də paylayıblar, məndən ancaq musiqi tələb edirlər. Musiqiçiləri mən dəvət etmişəm, onlar arasında tələbələrim də var. Bununla da yenilik etmək istəmişəm ki, cavanları da tanısınlar.

- Bu yaşdan nə gözləyirsiniz?

- Heç nə. Allahıma şükür edirəm ki, məni 80 il yaşada bilib. Mən çox zəhmətkeş adam olmuşam. Günümü kurortlarda, istirahətlərdə keçirməmişəm. Ömrüm boyu işləmişəm. Yazda toylara getmişəm, qışda konsertlərə. 60 illik yubileyim qeyd ediləndə o zaman səhnə fəaliyyətimin 40 illiyi idi. Dedim ki, mən bu 40 ilin 20 ilini evimdə yatmamışam. 60 ildir fasiləsiz xalqıma xidmət edirəm.

- Əlibaba müəllim, Sizinlə çalışdığınız Bülbül adına Orta İxtisas Musiqi Məktəbində iş başında görüşürük. 80 yaşında bu işləri görmək çətin deyil ki?

- Mən bir məktəbdə dərs demirəm. Bilirsiniz ki, eyni zamanda Asəf Zeynallı adına Musiqi Kollecində də dərs deyirəm. Bəlkə də məni elə cavan saxlayan bu cavan uşaqlardır. Əvvəla, başım qarışır, digər bir tərəfdən dərs deyə bilirəm. Mənim belə bir xasiyyətim var - əgər dərs deyə bilməsəm, heç zaman heç kimin boynuna yük olmaram. Əgər bir şeyi bacarmıramsa, özüm ondan imtina edirəm. Hələ ki, bacarıram, dərs deyə bilirəm, həm də dərs deməyim məni qane edir. Ona görə də mən fəxr edirəm ki, 80 yaşım var, amma özümü 80 yaşında hiss etmirəm. İstəmirəm ki, öyrəndiklərimi, bildiklərimi özümlə aparım. İstəyirəm məni necə öyrədiblərsə, mən də elə öyrədim.

- Yəni çoxları kimi Siz sənətinizi gənclərə öyrətməyə qısqanclıqla yanaşmırsınız?

- Heç zaman qısqanclıqla yanaşmamışam. Nə gənc yaşlarımda, nə də indi belə yanaşmamışam. Hər zaman yaxşıya yaxşı, pisə də pis demişəm və heç kimdən də çəkinməmişəm. Ona görə də bu barədə özümü həmişə xoşbəxt sayıram. Axı qısqanmaqla, sənəti öyrətməməklə kim nə qazanıb ki? Qazanan öyrədən və yetişdirəndir.

- Tələbələrinizə ilk tövsiyəniz nə olur?

- Sənət gələn adamı əvvəl geyimi ilə qəbul edib, oxumağı ilə yola salırlar. Mən həmişə tapşırıram ki, siz digər uşaqlardan bir pillə fərqlənməlisiniz. Siz incəsənət adamısınız, bütün xalq incəsənət adamlarına bir qədər müqəddəs baxır. İncəsənət adamları bir növ tərbiyəçidir. Ona görə də tələbələrimə ilk növbədə tapşırdığım bu olur ki, özünüzü aparmağı, danışmağı, həyatda yaşamağı öyrənin, oxumağı isə mən sizə öyrədərəm. Hansı tələbənin qavrama qabiliyyəti yaxşı olur, ondan heç nəyi əsirgəmirəm. Mənim müəllimim Seyid Şuşinski olub, o bir sözü bir dəfə deyərdi. İstədiyi tələbə olanda ikinci dəfə deyirdi, amma üçüncü dəfə yox idi. O vaxtkı tələbələr də indikilər kimi deyildi. Deyilən sözləri göydə qapırdılar. Amma mən bəlkə on dəfə deyirəm. Mən tələbələrim arasında fərq qoymuram.

- Son illər muğama göstərilən diqqət və qayğı heç kimə sirr deyil. Sözsüz, diqqət olan sahəyə həm istedadlı, həm də istedadsızların axını olur. Bu hal hazırda muğam aləmində də yaşanır...

- Mehriban Əliyeva bizim muğamımızın arxası, dayağıdır. 60 ildir mən bu sənətdə fasiləsiz çalışıram. Xan əminin də, Seyidin də, Əbülfətin də, Zülfünün də, mənim də ən böyük arzumuz bu olub ki, muğam bugünkü səviyyəyə çatsın. Əvvəllər muğama ikinci dərəcəli musiqi kimi baxırdılar. Bu da bizi yandırırdı. Bilirdik ki, muğamın gücü nədir, amma bizi müdafiə edən yox idi. Mehriban xanım isə bizim muğamımızı dünyaya çıxardı, muğamatımıza möhür vurdu. O, dünyaya sübut etdi ki, muğam Azərbaycanındır. 80 yaşlı bir muğam bilicisinə qayğı göstərirlər. Ona görə də Əlibaba cavan qalıb - pul dərdi çəkmir, ev dərdi çəkmir, ancaq sənət dərdi çəkir. Qaldı ki, istedadsızların axınına, bəli axın var. Tələbənin əgər istedadı yoxdursa, onu valideyninə deyirəm, sözümə baxıb aparan da olur, sözümə baxmayıb məcburən gətirənlər də. Öyrədirəm, ancaq bir şey çıxmır. Mən deyirəm damdan-dama, o deyir dəmdən-dəmə. Bu sənətə güclə yiyələnmək olmaz, gərək insanın istedadı olsun. Azərbaycan xalqı çox istedadlı xalqdır, öz içindən Əlibaba da, Şövkət də, Xan Şuşinski də yetişdirəcək. Bizim sənətimiz şifahidir və bu sənəti bir-birimizə ötürürük.

- Orta yaşlı və gənc muğam ifaçılarını dinləyirsiniz?

- Bir müddət bizim muğam aləmində boşluq oldu. Ağaxanla Alimdən sonra bir müddət boşluq olduq, bunun çoxları hiss etmədi, ancaq sənət adamları hiss etdi. Yenə də dövlətimizə sağ ol deyirəm ki, müsabiqələr təşkil etdilər və istedadlar tapdıq. Ona görə də mən indi sizə zəmanət verə bilərəm ki, hələ 30-40 il bizim oxuyanlarımız var. Nə qədər Azərbaycan xalqı var, muğam da var, nə qədər muğam var, Mehriban xanım da var. Muğamın necə, nə zaman yarandığını bu zamana kimi heç kim deyə bilməyib. Bu bizim özümüzə gəlib. Üzeyir bəy olmasaydı, muğamımızın çərçivəsi, dəsgahı olmazdı, Seyid Şuşinski olmasaydı, muğam məktəbi olmayacaqdı. Mən Əlibaba Məmmədov 100-ə yaxın mahnı bəstələmişəm. Hamısı da oxunur, amma bir balaca muğam bəstələyə bilməmişəm. Mən kiməm ki Üzeyir bəyin yanında, heç kim.

- Muğamın regionlararası bölgüsünə yanaşmanız necədir?

- Mən həmişə bunun əksinə olmuşam. Bu Qarabağ, bu Şamaxı, bu Bakı, bu Şirvan məktəbidir. Bunların hamısı yalandır. “Segah” elə “Segah”, “Rast” elə “Rast”, “Cahargah” elə “Cahargah”dır, istər qarabağlı oxusun, istəyir bakılı oxusun, istər də şamaxılı, bunun nə dəxli var. Təki düz oxusun. Mən bu bölgü ilə qətiyyən razı deyiləm. Amma şikəstələr var, məsələn “Şirvan şikəstəsi”, “Kəsmə şikəstə”. Bu şikəstələr Bakı məktəbinindir. “Qarabağ şikəstəsi” məlumdur ki, Qarabağa məxsusdur. Bunlar var, amma muğam axı heç yerdə yaranmayıb, muğam bizə Allahdan gəlmədir. Məsələn, qarabağlı şikəstə oxuyanda nə qədər də gözəl səsli biri olsa da, onun kimi oxuya bilmir. Ona görə ki, onlar anadan olandan şikəstə onların qulağında səslənir. Ya da ki, “Şirvan şikəstəsi”ni Aşıq Şakirdən sonra hər kəs oxuya bilmir. Amma “Kəsmə şikəstə”ni gərək Şövkət oxusun. Muğam hamımızındır, bunu bölmək olmaz.

- Bir vaxtlar Alim Qasımovun ifasını bəyənmədiyinizi açıqlamışdınız. Amma indi deyəsən fikrinizi dəyişmisiniz.

- Bəli, belə bir şey var idi, amma fikrim dəyişildi və Alimə də həmişə çox sağ ol deyirəm. Mən bir dəfə Alimi caz ansamblı ilə birgə oxuyanda gördüm. Başını da keçəl qırxdırmışdı, ingilis özlərinə xas şəkildə gitarada çalırdı, bir ingilis müğənni ilə də Alim birgə çıxış edirdi. O ingilis müğənni oxuyurdu, Alim də tonallığı tuturdu, başlayırdı “Segah”, “Bayatı Qacar” oxumağa. Mən bunu gördüm və Alimə heyfim gəldi. Bu da mənə çox pis gəldi ki, heyf bu cür səsdən, indi bu da keçəcək estradaya. Alimin səsi çox imkanlı səsdir. Hələm-hələm belə səs yoxdur. Habil Əliyev də buna qulaq asırdı. Səhəri gün görüşdük Habillə və bununla bağlı danışdıq. Dedim ki, “əgər Alim əlimə düşsə, gör onu neyləyəcəyəm”. Sonra bununla bağlı fikrimizi soruşdular və mən də açıq-aşkar dedim ki, çox pis baxıram. Bu sözlər də rezonans doğurdu və Alimin qulağına çatdı. Amma biz Alimə yaxşılıq elədik. Biz Alimi tardan, kamandan ayrılmağa qoymadıq. Bu, bizim zəhmətimizdir. Həmin vaxt bir müddət camaat bizi qınadı, amma biz Alimə yaxşılıq elədik. Amma Alim gedib dünyada estrada oxusaydı... Bizim dünya şöhrətli estrada mahnıları ifaçımız olub - Rəşid Behbudov. Alim Rəşid Behbudov ola bilməyəcəkdi. Muğam aləmində isə o dünya xanəndəsi oldu.

- Estrada müğənnilərinin muğam oxumasına münasibətiniz necədir? Müğənnilərdən Sizə müraciət edənlər olurmu?

- Çox pisdir. Muğamla gərək 11 yaşından məşğul olmağa başlayasan. Qoyma ağıldan ağıl olur olmur. Sonradan gəlib muğam oxuyandan nə olacaq? Oxuyacaq, elə-belə, bir anlıq. Əvvəl-əvvəl müraciət edənlər oldu. Hətta mənə zəng edib deyirdilər ki “Əlibaba müəllim nə lazımdırsa, nə qədər lazımdırsa, veririk”. Onlarda pul çox olur axı... Mən də qətiyyən qəbul etmədim, bildirdim ki, əvvəla mənim sizin pulunuza ehtiyacım yoxdur, bir də mənim tələbələrim çoxdur. Eyyub Yaqubov mənim tələbəm olub, yəni piano çalırdı. Sonra keçdi müğənni oldu, özü də pis müğənni deyil. O da mənə dedi ki, muğamat öyrənmək istəyirəm, dedim nəyinə lazımdır, get mahnılarını oxu... Muğamat beşikdən yaranır, insanın daxilində kök salır. Bu, elə-belə şey deyil.

- Bu yubileydə özünüzə arzunuz nədir?

- Çərxidən yoxdur bu aləmdə mənim bir gileyim,
Çünki çatmış başa hər istəyim, arzum, diləyim...
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR