Bank Of Baku

Mədəniyyət və Turizm Nazirliyinin balansında olan kinoteatrların fəaliyyətinə nəzarət gücləndiriləcək

Mədəniyyət və Turizm Nazirliyinin balansında olan kinoteatrların fəaliyyətinə nəzarət gücləndiriləcək
# 14 mart 2008 12:10 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Bu il doqquz illik fasilədən sonra Bakıda Avropanın mədəniyyət nazirlərinin toplantısının keçirilməsi nəzərdə tutulur. Biz Avropa nazirlərinin toplantısında bir çox məsələləri qaldırmağı düşünürük”. APA-nın məlumatına görə, bu fikirləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu gün keçirdiyi mətbuat konfransında deyib. Nazir mədəniyyət ocaqlarında aparılan təmir işləri barədə məlumat verib: “Səməd Vurğun adına Dövlət Rus Dram Teatrının əsaslı təmirini baş vurmaq üzrəyik. Mayın ortalarında bu teatrın açılışı nəzərdə tutulur. Heydər Əliyev adına Sarayın açılışının isə yayda keçirilməsi planlaşdırılıb. Eyni zamanda yayda Dövlət Film Fondunun açılışı da nəzərdə tutulur. Muğam Mərkəzinin tikintisi davam edir, İncəsənət Muzeyinin əsaslı təmir olunan binasının açılışı bu ilin noyabrda keçiriləcək”. Ə. Qarayev bildirib ki, nazirliyin balansında olan kinoteatrların fəaliyyətinə nəzarət gücləndiriləcək: “Mən özüm dəfələrlə kinoteatrlara daxil olaraq dərhal ölçü götürüb zalları bağlatdırmışam. Antisanitariya, millətimizin və gənclərimizin mənəviyyatına xələl gətirəcək fəaliyyət mədəniyyət müəssisəsinə yaddır. Ona görə biz artıq dörd yerdə kinoteatrları bağlayıb, onların yenidən qurulması üçün tövsiyələri vermişik”. Nazirin sözlərinə görə, piratçılıqla ciddi mübarizə aparılacaq, kino yayımının və prokatın təşkil olunmasına və paytaxtımızda qalan bir neçə kinoteatrın dövlət vəsaiti hesabına yenidən qurulmasına başlanılacaq.
Nazir həmçinin Atəşgah, Yanardağ, Xınalıq və Ağstafada yaradılan xüsusi qoruqların sərhədlərinin Dövlət Torpaq Komitəsi ilə birgə müəyyənləşdirildiyini bildirib. Növbəti ildə keçirilməsi nəzərdə tutulan tədbirlərdən söz açan Əbülfəs Qarayev 2009-cu ildə Azərbaycanda Mərakeş Mədəniyyət Günlərinin, 2010-cu ildə isə Mərakeşdə Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsinə dair razılıq əldə olunduğunu açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR