Bank Of Baku

Yaqub Zurufçu: “Ququş Azərbaycanda konsert verməyə hazır deyil” - EKSKLÜZİV - FOTOSESSİYA

Yaqub Zurufçu: “Ququş Azərbaycanda konsert verməyə hazır deyil” - <font color=#FF0000>EKSKLÜZİV - FOTOSESSİYA</font>
# 30 mart 2008 09:38 (UTC +04:00)
- Çoxdandır səhnədə görünməməyinizin səbəbi nədir?
- Yalnız musiqi ilə məşğul oluram, amma sənətdə o qədər də fəal deyiləm. Uzun müddətdir heç bir konsert təşkil etmirəm. Son konsertimi üç il bundan əvvəl keçirmişdim. Heydər Əliyev adına Sarayda əsaslı təmir başa çatdıqdan sonra konsert verməyi planlaşdırıram. Hazırda Səid Rüstəmovun arxivdə qalan mahnılarını hazırlayıram. Bu mahnıları yazdırdıqdan sonra disk hazırlayacağam. Son illər sənətlə fəal məşğul olmadığımı etiraf edirəm. Ümumiyyətlə, bu gün Azərbaycanda şou-biznes yüksək səviyyədə deyil.
- Özünüzü şou-biznesdə hesab edirsinizmi?
- Hər xanəndənin, hər musiqiçinin öz pərəstişkarı var. Neçə il bundan əvvəl ifa etdiyim “Ayrılıq” mahnısı bu gündə oxunur. Mən ümumiyyətlə, şou-biznesdən uzağam və şou-biznesin nümayəndələri ilə maraqlanmıram. Azərbaycanda şou-biznes yoxdur, bu gün hamı toylara getmək uğrunda mübarizə aparır. Mən toylara az gedirəm, çünki toy adamı deyiləm. Bu gün Azərbaycanda ancaq gündəmdə olan müğənnini toya aparırlar. Məsələn, mən yetərincə tanınıram, ancaq gündəmdə deyiləm. Reklamı olan müğənni isə hər gün toylardadır. Bu gün çoxları özünü mədəniyyət xadimi kimi qələmə verir, əslində isə onların 90 faizi mədəniyyət xadimi deyil. Mədəniyyətimiz dünyada çox yüksək səviyyədə yerdə olduğu üçün toylarımız da o səviyyəyə cavab verməlidir. İlk növbədə toylarda fonoqramla oxumağın qarşısı alınmalıdır.
- Bəs İranda niyə konsert proqramı ilə çıxış etmirsiniz?
- Mən 27 ilə yaxındır ki, İrandan ayrılmışam, hazırda ABŞ vətəndaşıyam. Yəni, xarici vətəndaş kimi mənim bu gün İranda konsert vermək icazəm yoxdur. Çox istərdim ki, İranda musiqi azad olsun, hər kəsin sərbəst şəkildə konsert vermək imkanı olsun. İranda konsert vermək istəyirəm, amma oradan deyirlər ki, bir az səbr etməlisən. Artıq yaşlaşıram, istəyirəm ki, mənim çıxışımı İranda da görsünlər.
- Dünya Azərbaycanlıları Konqresində mövcud proseslərə, parçalanmalara münasibətiniz necədir?
- Ümumiyyətlə, mən belə tədbirlərdə çox az oluram. Dünya Azərbaycanlıları Konqresindəki məsələlər məni maraqlandırmır, çünki orada fəaliyyət göstərən insanların 90 faizinin kimliyinə yaxşı bələdəm.
- Azərbaycan diaspor təşkilatlarının keçirdiyi tədbirlərə də qatılmırsınız...
- Mən onların tədbirlərinə getmirəm. Bəzən Amerikada olanda diasporumuzun keçirdiyi tədbirlərə dəvət edirlər. Mən tədbirin mahiyyəti ilə maraqlanıram, əgər siyasi xarakterlidirsə, belə tədbirlərə qatılmıram. Özümü hər zaman Azərbaycan müğənnisi kimi qələmə verib tanıtmışam. Hətta azərbaycanlı olan Ququş xanım da mahnılarını fars dilində oxuyur. Ancaq mən mahnıları Azərbaycan dilində oxuyuram. Özümü Azərbaycan müğənnisi kimi tanıtmışam və sevinirəm ki, Azərbaycan xalqı da mənə dəyər verir.
- Sizin Amerika telekanallarının birində xüsusi verilişiniz efirə gedir...
- Bəli, “Körpü” adlı verilişim həftədə səkkiz saat yayımlanır. Bu verilişə internet vasitəsi ilə də baxmaq mümkündür.
- Müğənni Ququşun Bakıda konsertini təşkil edəcəyinizi demişdiniz. Bu layihə niyə baş tutmadı?
- Son səfərim zamanı Ququşla görüşüb söhbət etdm. O, Azərbaycanda konsert verməyə hazır olmadığını deyir. Ququş xanım bir az qorxur, o, ehtiyatlanır ki, Azərbaycanda onu səhnəyə çıxmağa qoymazlar. Hazırda Los-Ancelesdə yaşayır, sənətlə məşğul olur, konsertlər verir və çıxışları yerli sənətsevərlər tərəfindən çox gözəl qarşılanır. Ququş bir azərbaycanlı olaraq Bakıya gəlmək istəyir, amma siyasi məsələlərə görə hələlik bundan çəkinir. O, azərbaycanlı mentalitetinə sahib deyil. Buna görə də Ququş xanımı Bakıda konsert proqramı ilə çıxışa vadar etməyi özümə əskiklik bilirəm.
- Artıq necə ildir ki, Azərbaycanda yaşayırsınız...
- Mən 1989-cu ildə Azərbaycana gəlmişəm, ilin 4-5 ayını burada oluram. Son vaxtlar belə qərara gəlmişəm ki, birdəfəlik bura köçüm, ömrümün qalan hissəsini burada yaşayım. Bir müddət bundan əvvəl konsert vermək üçün Amerikaya getmişdim. Orada çox darıxdım, düzdür, ABŞ böyük ölkədir, orada şərait də yaxşıdır, məni müğənni kimi tanıyıb hörmət edirlər. Ancaq həmin üç ayı elə bil həbsxanada idim. Səbəbini bilmirəm. Hətta Təbrizə gedəndə də Bakı üçün çox darıxıram. İl yarım bundan əvvəl Təbrizə getmişdim. Elə hey deyirdim ki, getmək istəyirəm, Bakı üçün darıxmışan. Bakı çox sirli bir şəkildə adamı özünə çəkir.
- Bu vaxta kimi nə üçün Azərbaycan vətəndaşlığını qəbul etməyibsiniz?
- 1999-cu ildə mərhum Heydər Əliyevlə görüşəndə mənə Azərbaycan vətəndaşlığını qəbul etmək üçün şərait yaradacağını bildirdi. Ancaq mən bu məsələnin arxasınca düşmədim. İndi fikirləşirəm ki, artıq bunun vaxtı çatıb. Hesab edirəm ki, Azərbaycanın istiqlaliyyətində mənim də iynənin ucu boyda rolum olub. Elədirsə, onda niyə Azərbaycanı sevməyim və Azərbaycan vətəndaşlığını qəbul etməyim?
- Bir ara ədəbi-bədii tədbirlər təşkil edirdiniz. Son illər Sizi belə tədbirlərdə də görmürük...
- İndi zaman dəyişib, Azərbaycanda kapitalist sistemi bərqərar olub. Bu baxımdan Azərbaycan Amerika ilə bir-birinə oxşayır. Ona görə sənətçiyə sənətçi kimi baxmırlar. Bu gün mən konsert versəm də, sevənlərim ora gələ bilməyəcək, çünki bilet pulları yoxdur. Düzdür, üç il bundan əvvəlki konsertimdə zal dolu idi. Amma qorxuram ki, indi gəlməsinlər, çünki artıq hər şey bahalaşıb.
- Bəs xeyriyyə konserti necə?
- Azadlıq meydanında pulsuz konsert verməyə razıyam. Çünki meydanı dövlət mənə təşkil edir, buna pul lazım deyil, reklam lazım deyil. Qoy sadəcə tamaşaçı gəlib məni dinləsin. Amma indi camaatı pulsuz belə Azadlıq meydanına yığmaq mümkün deyil. Çünki indi heç kimin vaxtı yoxdur.
- Deyirlər, Azərbaycanda qalmaq üçün ailənizdən imtina etmisiniz?
- Mən ailəmlə birgə 2004 və 2006-cı illərdə Azərbaycana gəldim. Oğlum da burada təhsil alırdı. Burada qalandan bir müddət sonra hiss etdim ki, uşaq darıxır. Onları yenidən Amerikaya apardım. İndi özüm də gedib gəlirəm. Qızım Dəniz isə hazırda Təbrizdə nənəsinin yanında qalır. Bu günlərdə yanıma gələcək. Mənim Amerikada artıq heç nəyim qalmayıb. Mən Azərbaycana birdəfəlik gəlmişəm.
- Bəs ailənizdən ayrılmağınız doğrudur?
- Xeyir, biz ayrılmamışıq.
- Deyirlər ki, Siz burada yenidən ailə qurmusunuz?
- Bu da doğru deyil.
- Övladlarınız Azərbaycan vətəndaşlığı alacaqmı?
- Dəniz Amerika vətəndaşıdır. Əslində bu da məndən asılı bir məsələdir. Əgər mən buranın vətəndaşı olsam, təbii ki, mənim uşaqlarım da Azərbaycan vətəndaşı olacaq. Bu gün Amerikaya getmək istəyən gənclər çoxdur, ancaq mən onlara deyirəm ki, buna həvəs göstərməsinlər. Nə etmək istəyirlərsə, öz vətənlərində etsinlər. Mən indi elə bir yaşdayam ki, vətənsiz heç nə edə bilmərəm.
- Yaşlaşdıqca səsinizdə dəyişiklik hiss edirsinizmi?
- İndi səsimdə çox fərq var. Məsələn, mən 10 il bundan əvvəl “Koroğlu” operasında oxuya bilmədiyim ariyaları indi oxuya bilirəm. İnsan 50 yaşında ən gözəl səsə sahib olur, bu səs də 60-70 yaşa qədər qalır. İndi səsimdən çox razıyam, çox yaxşı oxuyuram. Ancaq Vətəndə belə oxuyuram, Amerikada bu cür oxuya bilmərəm. Mən orada qalsaydım, amerikalı azərbaycanlı olacaqdım və istədiyim kimi oxuya bilməyəcəkdim. Məsələn mən “Qərənfil”i oxuyanda ürəyim gedir, ancaq Amerikada bu cür olmur. Həmin mahnını burada oxuyanda duyursan, çünki qərənfilin ətrini hiss edirsən.
- Bir zamanlar Bakıda səsyazma studiyası açmışdınız...
- Həmin studiya Nizami metrosu ilə üzbəüz çoxmərtəbəli binada yerləşirdi. Sonra həmin bina Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verildi və bizi oradan çıxardılar. Həmin studiya dünya standartlarına cavab verirdi. Ancaq yenidən elə bir iş qurmaq fikrində deyiləm, çünki bu, çox çətin yoldur. Gərək həmin işə mütəmadi pul qoyasan.
- Sənətdə olanların bir çoxu gəlir mənbəyini gizlədir?
- Mənim çörəyim müğənnilikdən çıxır. Amerikada mənə çox yaxşı pul verirlər. Orada üç dəqiqəlik çıxış edəndə bir illik xərcimi çıxarıram. Bundan başqa ABŞ-da mağazalarım da var.
- Tələbələriniz varmı?
- Yoxdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə dəvət etmişdilər, ancaq gedə bilmədim. Çünki hazırda Mərdəkanda yaşayıram və mənim üçün hər gün işə gəlib-getmək çətindir.
- Övladlarınızdan yolunuzu davam etdirən varmı?
- Oğlumun çox yaxşı səsi var, amma niyə bu sənətə getmədiyini heç zaman soruşmuram.
- “Ayrılıq” mahnısını indi bir çoxları ifa edir. Bu mahnını hansı müğənninin ifasında bəyənirsiniz?
- İllərlə yaşı olan bu mahnının hələ də yaşaması məni sevindirir. “Ayrılıq” mahnısını müğənni Ququşla birgə oxumuşuq. Mən özümdən sonra bu mahnıya Ququşun ifasında qulaq asıram. Ququş xanım Azərbaycan mahnıları üzərində çox işləməsə də, bu mahnını əla oxuyub. “Ayrılıq” Ququş xanımla yeganə duet ifamızdır. Ondan sonra nə o, nə də mən bir-birimizə duet oxumağı təklif etməmişik.




















1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR