Moskvada Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş xatirə gecəsi keçirilib - FOTO

Moskvada Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş xatirə gecəsi keçirilib  - FOTO
# 09 may 2024 08:06 (UTC +04:00)

Moskvada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş xatirə gecəsi keçirilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfirliyi və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Dövlət Dumasının deputatları, xarici ölkələrin səfirləri və hərbi atteşeləri, Rusiyanın tanınmış ictimai xadimləri, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) fəalları və Azərbaycan diasporunun tanınmış nümayəndələri iştirak ediblər.

Gecənin qonaqları “Şərqi Sibir həqiqəti” qəzetinin fotomüxbiri Valeri Karasevin fotoşəkillərinin nümayiş olunduğu fotosərgi ilə tanış olublar. 1984-cü ildə V.Karasev Heydər Əliyevi Baykal-Amur Magistralına səfər edərkən müşayiət edib. Karasev Ust-Kutdan Sakit Okeana qədər olan bütün yollarda Heydər Əliyevin BAM-ın yerli rəhbərliyi və qəhrəmanları ilə görüşlərini lentə alıb. Fotomüxbir həmin səfərdən olan materialları - 1600 fotoşəkili

Azərbaycanın Rusiyadakı səfirliyinə bağışlayıb. Həmin fotoşəkillərin kiçik bir hissəsi tədbir iştirakçılarının diqqətinə təqdim olunub.
Tədbiri Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy açaraq qeyd edib ki, 1990-cı illərin birinci yarısında inanılmaz təlatümlər dövründə Azərbaycan xalqının dahi oğlu Heydər Əliyev ölkəni xilas edib.

“O, eləcə də bütün Sovet İttifaqı üçün çox şeylər edib. Onun SSRİ hökuməti sədrinin birinci müavini, ondan əvvəl isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, sonra isə müstəqil Azərbaycanın prezidenti kimi fəaliyyət göstərdiyi vəzifələrdə xidmətləri danılmazdır. Bilirsiz, aprelin 22-də iki prezident, Vladimir Putin və İlham Əliyevin görüşünün əhəmiyyətli hissəsinin Heydər Əliyevin xatirəsinə həsr olunması təsadüfi deyildi. BAM-ın veteranları ilə görüş isə Heydər Əliyevin xatirəsinin Rusiyada bu günə qədər əziz tutulduğunun göstəricisidir.

Heydər Əliyev Sovetlər İttifaqının rəhbərlərin biri kimi bu nəhəng layihənin reallaşmasına mühüm işlər görüb. BAM bu gün üçün, bugünki Rusiya üçün çox vacibdir. Ona görə ki, bu Şərqə uzan yol ölkəmiz üçün strateji cəhətdən çox əhəmiyyətlidir. Tək elə bu məqam Heydər Əliyevin adını Rusiya tarixinə yazdırıb.

Bu gün onun hakimiyyətinin bəzi mərhələlərini, əlbəttə ki, Naxçıvana qayıtmasını, Naxçıvan Məclisinin sədri olanda Azərbaycanın dağıldığı bir şəraitdə necə siyasət qurduğunu, qiyama qarşı necə müqavimət göstərdiyini izlədim, oxudum, xatırladım.

Bu, onun böyük daxili gücündən və bütün bunların niyə edildiyini başa düşməsindən xəbər verir. Bu isə Azərbaycanın çiçəklənməsi naminə edilib. Heydər Əliyevin bünövrəsini qoyduğu əməllər bu gün İlham Əliyev tərəfindən həyata keçirilir”, - deyə Şvıdkoy bildirib.

O əlavə edib ki, müasir Azərbaycan öz ölkəsinin maraqlarına uyğun müstəqil siyasət aparır. “Bu da Heydər Əliyevin düzgün təməl qoyduğunun təsdiqidir”, - deyə Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi qeyd edib.

Rusiya Liberal Demokrat Partiyasının sədri, Dövlət Dumasının fraksiya rəhbəri Leonid Slutski isə çıxışında müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin xatirəsinin Rusiyada ehtiramla və müqəddəs şəkildə anıldığını söyləyib.

“Heydər Əliyev Sovet İttifaqında yüksək dövlət vəzifələrində çox iş görüb, iqtisadiyyatın ən mühüm, bilik tutumlu sahələrinə rəhbərlik edib. Bu günlərdə 50 illiyini qeyd etdiyimiz Baykal-Amur Magistral xəttinin tikintisi Heydər Əliyevin adı ilə ayrılmaz şəkildə bağlıdır. Cənab Prezident İlham Əliyevin bu yaxınlarda Moskvaya səfəri də BAM-ın 50 illik yubileyi şərəfinə keçirilən bayramla bağlı olub”, - deyə Slutski bildirib.

Siyasətçi vurğulayıb ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev dahi atasının işini layiqincə davam etdirir: “Azərbaycan postsovet məkanının ən çiçəklənən, sabit iqtisadiyyatına çevrilib. Yoxsulluqla mübarizə proqramı uğurla həyata keçirilib, çadır şəhərcikləri aradan qaldırılıb, Azərbaycan enerji cəhətdən müstəqil dövlətə çevrilib. Dahi atasının ən başlıca vəsiyyətlərindən birini yerinə yetirən İlham Əliyev Qarabağı evinə qaytarıb. Bu, Heydər Əliyev başda olmaqla, indiki Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqının bütün bu illər ərzində getdiyi müqəddəs və nəcib yolun nəticəsidir, yekunudur”.

Deputatın sözlərinə görə, Azərbaycan bu gün Rusiyanın ən etibarlı tərəfdaşıdır. “Heydər Əliyev Azərbaycan ilə Rusiya arasında konstruktiv, çoxşaxəli qarşılıqlı fəaliyyətin əsasını qoyub. Azərbaycan yaxın gələcəkdə çox şeyə nail olacaq. O, artıq çox şeyə nail olub. Bu, Azərbaycan xalqının əzmkar və gərgin əməyinin nəticəsidir. Qardaş Azərbaycan xalqına, Azərbaycan Prezidenti İlham Əliyevə daha da firavanlıq arzulayıram”, - deyə Slutski nitqini yekunlaşdırıb.

Tədbirdə TASS informasiya agentliyinin baş direktorunun birinci müavini, Rusiya Federasiyasının əməkdar jurnalisti Mixail Qusmanın “İlham Əliyev. And: 20 il sonra” sənədli filmi nümayiş olunub. Gecə konsert proqramı ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR